×
A
A
A
Sazlamalar

“Bild”: Suriyalı qaçqınların Almaniyadan deportasiyası 3,5 il çəkə bilər

Bakı, 11 noyabr, AZƏRTAC

Suriyalı qaçqınların Almaniyadan deportasiyası ilə bağlı prosedurlar sığınacaq statusları ləğv edildikdən sonra belə, təxminən 3,5 il davam edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniyada miqrasiya və məhkəmə prosedurlarının təhlili əsasında hazırladığı modelə istinadla məlumat yayıb.
Nəşrin hesablamalarına görə, proses Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) qərarından başlayaraq məhkəmə araşdırmaları və deportasiyaya hazırlıq mərhələlərinədək ümumilikdə 42 ay çəkə bilər. Miqrantların qərarlardan şikayət vermək hüququ prosedurların uzanmasına səbəb olur.
Bildirilir ki, məhkəmə xərcləri təxminən 3450 avro, potensial sosial müavinətlərin məbləği isə mənzil, istilik və tibbi xidmət xərcləri nəzərə alınmadan 23 min avrodan çox ola bilər.
Bundestaqdakı bəzi ekspertlər və müxalifət nümayəndələri Almaniyanın miqrasiya qanunvericiliyini mürəkkəb olduğuna görə tənqid edirlər. Bununla yanaşı, hüquq mütəxəssisləri Suriyaya deportasiyaların praktikada nadir hallarda həyata keçirildiyini bildirirlər.
Qeyd edək ki, Almaniyada 900 mindən çox suriyalı yaşayır. Onların təxminən 450 mini “Bürgergeld” adlı sosial müavinət alır. Almaniya hökuməti suriyalıların könüllü şəkildə vətənlərinə qayıtmasını dəstəkləyir.

Dünya 2026-11-11 02:53:00