


Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib
Kiyev, 11 noyabr, AZƏRTAC
Ukrayna və Rusiya "1000-ə 1000" və ya hətta "1500-ə 1500" formulu əsasında genişmiqyaslı əsir mübadiləsini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında bildirib.
Prezidentin sözlərinə görə, belə bir mübadilənin mümkünlüyü Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar zamanı müzakirə olunub.
Amerika nümayəndələri indi bu məsələ ilə bağlı müzakirələri davam etdirmək üçün Rusiyaya səfər edəcəklər.
Zelenski əlavə edib ki, Rusiya tərəfi üçtərəfli görüşdə ərazi məsələlərini qaldırıb.
Prezidentin sözlərinə görə, sabah tərəflər gərginliyin azaldılması addımlarını, enerji məsələlərini, Qara dənizdəki vəziyyəti, əsir mübadiləsinin mümkünlüyünü və mümkün olduqda liderlər səviyyəsində üçtərəfli görüşü daha ətraflı müzakirə edəcəklər.
Prezident danışıqlarda Avropanın iştirakının vacibliyini vurğulayıb. O qeyd edib ki, Ukrayna Avropa İttifaqı və ABŞ ilə ortaq mövqe qurmağa çalışır.