


Şimali Avropa ölkələri dəniz tərəfdaşlığı yaratmaq barədə razılığa gəliblər
Bakı, 11 noyabr, AZƏRTAC
Böyük Britaniya və doqquz Şimali Avropa ölkəsi dəniz təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yeni tərəfdaşlıq yaratmaq haqqında müqavilə imzalayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytı məlumat yayıb.
Yeni tərəfdaşlıq Şimali Avropada, Şimali Atlantikada və Baltik dənizində təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutur. Təşəbbüs 2014-cü ildən Böyük Britaniyanın rəhbərliyi altında fəaliyyət göstərən Birgə Ekspedisiya Qüvvələrinin modelinə əsaslanacaq.
Tərəfdaşlığa Böyük Britaniya, Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniya daxildir.
Böyük Britaniyanın Birinci Dəniz Lordu Qvin Cenkins bildirib ki, yeni razılaşma artan təhlükəsizlik təhdidlərinə qarşı birgə fəaliyyət imkanlarını genişləndirəcək.
Qeyd olunub ki, təşəbbüs NATO-ya alternativ yaratmaq məqsədi daşımır. Əksinə, tərəfdaş ölkələrin dəniz qüvvələrinin vahid struktur kimi fəaliyyət göstərməsi və zərurət yarandıqda NATO komandanlığına keçməsi nəzərdə tutulur.