×
A
A
A
Sazlamalar

NYT: ABŞ doqquz ayda Venesuela neftindən 12 milyard dollardan çox gəlir əldə edib

Bakı, 11 noyabr, AZƏRTAC

ABŞ bu ilin ilk doqquz ayında Venesuelanın təbii sərvətlərinin və neft ixracının satışından 12,26 milyard dollar gəlir əldə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti beynəlxalq audit şirkəti KPMG-nin hesabatına istinadla məlumat yayıb.
Hesabata görə, yanvarın 3-dən sentyabrın sonunadək vəsaitlər ABŞ Maliyyə Nazirliyinin yaratdığı xüsusi hesaba köçürülüb. Bu məbləğin 11,7 milyard dolları Venesuelanın milli valyutasının məzənnəsini dəstəkləmək məqsədilə ölkəyə qaytarılıb, təxminən 130 milyon dollar isə xarici borcların ödənilməsinə yönəldilib.
Nəşrin məlumatına əsasən, Venesuela neftinin satışına müstəsna hüquqlar əldə edən beynəlxalq treyderlər – “Trafigura” və “Vitol” şirkətləri hesaba daxil olan vəsaitlərin təxminən 61 faizini təmin ediblər.
Xatırladaq ki, avqustun 28-də ABŞ Prezidenti Donald Tramp Venesuelanın 65 milyard bareldən çox sübut edilmiş neft ehtiyatının ABŞ-yə verilməsini nəzərdə tutan müqaviləni elan edib. Ağ Evin açıqlamasına görə, sənəd 17 neft yatağının işlənməsi üçün NABEP şirkətinə 100 illik güzəştlərin verilməsini nəzərdə tutur.

Dünya 2026-11-11 00:25:00