


Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub
Zaqatala, 10 noyabr, AZƏRTAC
Zaqatala şəhərindəki Şixamir Qaflanov adına Humanitar Fənlər Gimnaziyasında Vətən Müharibəsi Qəhrəmanı, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabiti, mayor Şixamir Qaflanovun büstünün açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, mərasimdə Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Asif Əsgərov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, rayon Polis Şöbəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhid ailələrinin üzvləri, qazilər, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edənlər Şixamir Qaflanovun şərəfli döyüş yolundan, Vətənə sədaqətindən və göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıblar.
Daha sonra tədbir iştirakçıları qəhrəmanın büstü önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, mayor Şixamir Qaflanov Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Vətən müharibəsində peşəkarlığı və döyüş şücaəti ilə seçilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.