×
A
A
A
Sazlamalar

Alparslan Bayraktar: Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsini müzakirə edirik

Antalya, 10 noyabr, AZƏRTAC

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsini müzakirə edirik. Daha çox elektrik enerjisini şərqdən qərbə, şimaldan cənuba daşımalıyıq.
AZƏRTAC xəbər verir ki, bu fikri Antalyada COP31 çərçivəsində jurnalistlərə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.
Antalyada imzalanan Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasındakı təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası sazişin əhəmiyyətinə diqqət çəkən türkiyəli nazir, qonşu ölkələrlə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.
O bildirib ki, Türkiyə elektrik enerjisi interkonnektorlarının gücünü 5,4 giqavatdan 15 giqavatta qədər artırmağı hədəfləyir.
A.Bayraktar yeni meqa enerji bağlantı layihələri üçün müxtəlif ölkələrlə danışıqlar apardıqlarını da qeyd edib. Onun sözlərinə görə, Türkiyənin gündəmində, həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Avropa ilə elektrik sistemlərinin inteqrasiyasına yönəlmiş layihələr mövcuddur.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya

Dünya 2026-11-10 23:11:00