×
A
A
A
Sazlamalar

Zəfərdən tərəqqiyə: Qalib Azərbaycanın inkişaf strategiyasında elm faktoru

Bakı, 10 noyabr, AZƏRTAC
Müasir qlobal çağırışlar, geosiyasi dəyişikliklər və dördüncü sənaye inqilabının sürətli inkişafı fonunda elm dövlətlərin iqtisadi müstəqilliyinin, milli təhlükəsizliyinin və beynəlxalq rəqabət qabiliyyətinin əsas amillərindən birinə çevrilib. Bu gün elmi biliklərin istehsalata, iqtisadiyyata və sosial həyata tətbiqi ölkələrin inkişaf səviyyəsini müəyyən edən mühüm göstəricilər sırasındadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmiz yeni inkişaf və quruculuq mərhələsinə qədəm qoyub. Bu mərhələdə elmi potensialın ölkənin strateji hədəflərinə yönəldilməsi, elmi tədqiqatların iqtisadi və sosial inkişafa real töhfə verməsi xüsusi əhəmiyyət daşıyır. Elmin qarşısında duran əsas vəzifələrdən biri fundamental biliklərlə yanaşı, ölkənin konkret ehtiyaclarına cavab verən tətbiqi araşdırmaların genişləndirilməsidir.
İlqar Orucov qeyd edib ki, dövlətin elm sahəsində gözləntiləri, ilk növbədə, elmi tədqiqatların nəticələrinin praktikada tətbiqi və elmtutumlu məhsulların kommersiyalaşdırılması ilə bağlıdır: “Elmi araşdırmalar sənaye, aqrar sektor, tibb və digər sahələrin tələbatlarına uyğun qurulmalı, əldə olunan nəticələr innovativ məhsul və texnologiyalara çevrilməlidir. Xüsusilə süni intellekt, böyük verilənlər, maşın öyrənməsi və kibertəhlükəsizlik kimi istiqamətlərdə yerli texnoloji həllərin hazırlanması vacibdir. Bununla yanaşı, universitetlər, elmi-tədqiqat institutları və istehsalat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycan alimlərinin və elmi nəşrlərinin beynəlxalq akademik platformalarda mövqelərinin gücləndirilməsi də prioritetlər sırasında olmalıdır.
Yeni dövrdə ali təhsil müəssisələri yalnız tədris mərkəzləri kimi deyil, həm də müasir elmi tədqiqat və innovasiya ocaqları kimi fəaliyyət göstərməlidirlər. Universitetlərdə aparılan araşdırmaların real iqtisadi və ictimai faydaya çevrilməsi, elmi nəticələrin istehsalata inteqrasiyası elmin ölkənin inkişafındakı rolunu daha da artıracaq”.
O bildirib ki, postmünaqişə dövründə elmin qarşısında duran mühüm vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesinə töhfə verməkdir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasında elmi yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının həyata keçirilməsi, rəqəmsal idarəetmə sistemlərinin qurulması, alternativ enerji mənbələrindən səmərəli istifadə elmi-texniki araşdırmalar tələb edir.
“Bu prosesdə humanitar və ictimai elmlərin rolu da xüsusi qeyd edilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının, xüsusilə humanitar sahədə fəaliyyət göstərən institutlarının qarşısında Qarabağın tarixinin, mədəni irsinin və milli yaddaşımızın elmi əsaslarla öyrənilməsi kimi mühüm vəzifələr dayanır. İşğaldan azad edilmiş ərazilərdə arxeoloji tədqiqatların aparılması, dağıdılmış tarixi və dini abidələrin araşdırılması, qədim alban irsinin akademik faktlarla dünya ictimaiyyətinə təqdim edilməsi tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, azad edilmiş ərazilərə qayıdan əhalinin sosial və psixoloji adaptasiyası, regionda sosial mühitin öyrənilməsi də ictimai elmlərin diqqət yetirməli olduğu məsələlərdəndir”, - deyə o əlavə edib.
İlqar Orucov qeyd edib ki, Ümumdünya Elm Günü də elmin cəmiyyətin tərəqqisindəki rolunu bir daha ön plana çıxarır. O inanır ki, Azərbaycan alimləri fundamental və tətbiqi tədqiqatları, innovativ layihələri ilə ölkəmizin inkişaf strategiyasına, elmi potensialının gücləndirilməsinə və beynəlxalq elmi məkanda mövqelərinin möhkəmlənməsinə bundan sonra da mühüm töhfələr verəcəklər.

Elm və təhsil 2026-11-10 21:31:00