×
A
A
A
Sazlamalar

Türk ekspert: Azərbaycandan Avropaya yaşıl enerji dəhlizlərinin yaradılması sərfəlidir

Antalya, 10 noyabr, AZƏRTAC

Azərbaycandan Avropa istiqamətində yaşıl enerji dəhlizlərinin yaradılması sərfəlidir və reallaşdırılması mümkündür. Hazırda Avropa bazarında elektrik enerjisinin qiyməti 1 MVt/saat üçün 100 avronu ötür. Bununla yanaşı, Avropa bazarlarında elektrik enerjisinə tələbat artmaqda davam edir. Bütün bunlar Azərbaycandan Türkiyə vasitəsilə Bolqarıstan istiqamətində yaşıl enerji dəhlizinin yaradılmasının məqsədəuyğun olduğunu göstərir.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak edən Türkiyənin Külək Enerjisi Assosiasiyasının (TÜREB) İdarə Heyətinin üzvü Volkan Yiğit bildirib.
Onun sözlərinə görə, yaşıl enerji dəhlizləri layihələrinin həyata keçirilməsi zamanı son istehlakçının 10-15 il müddətinə elektrik enerjisinin alınmasına zəmanət verməsi vacibdir.
“Avropa ölkələri üçün etibarlı və uzunmüddətli elektrik enerjisi təchizatçısının olması çox vacibdir. Azərbaycan da məhz bu cür təchizatçıdır”, – deyə o vurğulayıb.
V.Yiğit qeyd edib ki, Azərbaycan da Türkiyə kimi külək elektrik stansiyalarının (KES) və ya günəş elektrik stansiyalarının (GES) potensial olaraq daha səmərəli ola biləcəyi ərazilərə malikdir.
“Enerji təhlükəsizliyi və müstəqil enerji siyasəti baxımından bu potensialdan əldə olunan enerjinin kombinə olunması vacibdir. Bu, istilik elektrik stansiyalarının tikintisi planlarından imtina etməyə və bərpaolunan enerji mənbələrinə (BEM) üstünlük verməyə imkan verəcək. Unutmaq olmaz ki, BEM vasitəsilə istehsal olunan enerjinin qiymətləri xarici şoklardan asılı deyil”, – deyə o bildirib. O, dünyanın müxtəlif regionlarında gərginliyin artması və ya COVID-19 pandemiyası dövründə olduğu kimi logistika marşrutlarında yaranan fasilələrlə əlaqədar enerji daşıyıcılarının qiymətlərində baş verən kəskin dəyişiklikləri xatırladıb.
V.Yiğit Naxçıvan Muxtar Respublikasının bərpaolunan enerji potensialına da diqqət çəkib. Onun sözlərinə görə, bu potensialdan Avropa bazarlarına elektrik enerjisi ixracı üçün də istifadə etmək mümkündür.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2026-11-10 20:20:00