


Tofiq Musayev: Biz mübariz ölkənin mübariz vətəndaşlarıyıq
Xankəndi, 10 noyabr, AZƏRTAC
Qalib ordunun qalib zabiti, qalib əsgəri və qalib döyüşçüsü kimi Zəfər Gününü qürurla qeyd edirik. Prezident İlham Əliyev “Dəmir Yumruq”la bir daha bütün dünyaya sübut elədi ki, biz mübariz ölkənin mübariz vətəndaşlarıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri UFC döyüşçüsü Tofiq Musayev Xankəndidə keçirilən “Zəfər nəsli” gənclər düşərgəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, hər bir azərbaycanlı Vətənə xidməti, dövlətə və bayrağa bağlılığı özünün borcu hesab etməlidir.
Rinqdə qarşılaşdığı çətinliklərlə müharibədə yaşananları müqayisə edən idmançı onların arasında böyük fərq olduğunu söyləyib. Qeyd edib ki, idmanda qələbə və məğlubiyyət, müharibədə isə həyat və ölüm məsələsi var.
T.Musayev bu cür düşərgələrin keçirilməsinin gənclərin maariflənməsi və vətənpərvərlik ruhunda yetişməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Zəfər Gününə həsr olunan tədbirlərdə qazilərin və şəhid ailələrinin iştirakının, onların daim yad edilməsinin vacibliyini qeyd edib. Döyüş yolu keçmiş bir idmançı və zabit kimi bu cür təşəbbüsləri alqışladığını bildirib.
Oktaqonda rəqib seçimi ilə bağlı suala cavabında isə T.Musayev bildirib ki, insan ilk növbədə özü ilə rəqabət aparmalıdır. O, qarşıya qoyulan məqsədlərə çatmaq üçün əzmkarlıqla çalışmağın vacibliyini qeyd edib.