


Zəfər Günü münasibətilə "İki əsgər" tamaşası növbəti dəfə səhnədə
Bakı, 10 noyabr, AZƏRTAC
Zəfər Günü münasibətilə Şuşa Dövlət Musiqili Dram Teatrı və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xaqani Əliyevin "İki əsgər" tamaşası nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru, mərhum Əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Asyaxanım Heydərovadır.
Səhnə əsərində teatrın aktyorları Emin Sevdiməliyev, Vüsal Məmmədov, Ayşən Mirzəyeva, Cavid Cavadzadə və Təranə Əliyeva çıxış ediblər.
Tamaşada düşmən əsgəri ilə müqayisədə cəsur, vətənsevər, qəhrəman, humanist, torpağının azadlığı uğrunda həyatını hər an qurban verməyə hazır olan qalib Azərbaycan əsgərinin ümumiləşdirilmiş obrazı yaradılıb.