×
A
A
A
Sazlamalar

Təhsil eksperti: Məktəblərdə tədqiqat yönümlü tədrisə ehtiyac var

Bakı, 10 noyabr, AZƏRTAC

Hər il noyabrın 10-da qeyd olunan Ümumdünya Elm Günü elmin cəmiyyətdəki rolunun artırılması, elmi tədqiqatların təşviqi və gələcək alim nəslinin yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün elmi biliklərin inkişafı, tədqiqat imkanlarının genişləndirilməsi və elm sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinə diqqət yönəldir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
O bildirib ki, Ümumdünya Elm Günü yalnız alimləri deyil, ümumilikdə bütün təhsil və elm ictimaiyyətini əhatə edir. Bu baxımdan, elmi düşüncənin və tədqiqat bacarıqlarının məktəb yaşlarından formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Ekspertin sözlərinə görə, ümumi təhsil müəssisələrində əzbərçiliyə əsaslanan yanaşmadan tədqiqat və təcrübə yönümlü tədrisə keçid vacibdir. Şagirdlərin kimya, fizika, biologiya və digər fənlər üzrə laboratoriya işlərinə, praktiki məşğələlərə cəlb edilməsi onların müstəqil düşünmə və araşdırma bacarıqlarının inkişafına şərait yarada bilər: “Gələcəyin alimlərinin formalaşmasının ilkin mərhələsi orta ümumtəhsil məktəblərindən başlayır. Şagirdlərə yalnız hazır bilikləri öyrətməklə kifayətlənməməli, onları araşdırmağa, suallar verməyə və təcrübələr aparmağa istiqamətləndirməliyik. Finlandiya və Baltikyanı ölkələrin təcrübəsi də tədqiqat və praktik fəaliyyətə əsaslanan tədrisin əhəmiyyətini göstərir”.
O qeyd edib ki, elmi potensialın inkişafı üçün ali təhsil müəssisələrində və elmi-tədqiqat qurumlarında da gənclərə geniş imkanlar yaradılmalıdır. Gənc tədqiqatçıların hazırlanması, onların elmi fəaliyyətə cəlb olunması, bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi vacibdir. Bu prosesdə Milli Elmlər Akademiyası və digər elmi müəssisələrin təşəbbüsləri də mühüm rol oynaya bilər.

Elm və təhsil 2026-11-10 17:56:00