


Tallində Azərbaycanın Zəfər Günü ilə bağlı tədbir keçirilib
Stokholm, 10 noyabr, АZƏRTAC
Estoniyanın paytaxtı Tallində Azərbaycanın 8 Noyabr –Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Evi və “IRS” Estoniya Azərbaycan Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Mərasimdə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev, səfirliyin əməkdaşları, Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Estoniya üzrə koordinatoru Orxan Oktain, azərbaycanlı gənclər və tələbələr, türkdilli xalqların nümayəndələri, yerli mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gənclər Mərkəzinin rəhbəri Nəzrin Cəfərova Zəfər Gününün əhəmiyyətindən danışıb.
Səfir Nemət Nağdəliyev 44 günlük Vətən müharibəsində qazanılan Qələbədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyini, xalqın birliyini və Azərbaycan Ordusunun qəhrəmanlığını xüsusi vurğulayıb.
Mərasim zamanı 2020-ci il oktyabrın 23-də, Vətən müharibəsinin davam etdiyi günlərdə Tallinin Azadlıq meydanında Azərbaycana dəstək məqsədilə keçirilmiş nümayiş də xatırlanıb. Həmin aksiyanın görüntülərini lentə alaraq bu günədək qoruyub saxlayan, o dövrdə tələbə olan Almaz Rəfiyevanın fəaliyyəti xüsusi qeyd edilib. Təşkilatçılar tarixi anları əks etdirən görüntüləri qoruyub saxladığına görə ona təşəkkürlərini bildiriblər.
Tədbirin bədii hissəsində tələbə Tamerlan Qafarov fortepianoda musiqi əsərləri ifa edib.
Sonda qonaqlara Azərbaycan milli mətbəxinin müxtəlif təamları təqdim olunub.