


Türkiyə 2040-cı ilədək enerji transformasiyasına 300 milyard dollar investisiya yatıracaq
Türkiyə 2040-cı ilədək enerji transformasiyasına 300 milyard dollar investisiya yatıracaq
Antalya, 10 noyabr, AZƏRTAC
Türkiyə 2040-cı ilədək enerji transformasiyasına 300 milyard dollar investisiya yatırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) sammiti çərçivəsində çıxışı zamanı bildirib.
Türkiyənin energetika və təbii sərvətlər naziri enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyinin prioritet istiqaməti adlandırıb. “İqlim dəyişmələri ilə bağlı böhranlara ən yaxşı cavab mənfi nəticələri azaltmağa yönəlmiş tədbirlərin hazırlanmasıdır. Bu istiqamətdə mühüm addımlardan biri ölkə iqtisadiyyatının müxtəlif sahələrinin elektrik enerjisinə keçməsidir”, – deyə A.Bayraktar qeyd edib.
Nazir Türkiyənin 2040-cı ilədək olan dövrü əhatə edən Milli Enerji Planının qəbul edilməsinə diqqət çəkib. “Neft və qaza artan tələbatı elektrik enerjisinin istehlakını artırmaqla kompensasiya edəcəyik. 2040-cı ilədək Türkiyənin enerji sisteminin quraşdırılmış gücü 128 QVt-dan 281 QVt-a yüksələcək. Bunun 175 QVt-ı külək və günəş enerjisinin payına düşəcək. Eyni zamanda, bərpaolunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin ümumi elektrik istehlakında payı 77 faizə çatacaq”, – deyə A.Bayraktar bildirib.
Onun sözlərinə görə, Ankara yalnız özünün enerji tələbatını ödəməyə deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinə töhfə verməyə çalışır.