×
A
A
A
Sazlamalar

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Bakı, 9 noyabr, AZƏRTAC

Bakıda, Xəzərin sahilində salınan Dövlət Bayrağı Meydanında ucalan üçrəngli bayrağımızın əzəməti Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərin və artan dövlət qüdrətinin əyani təcəssümüdür. Vaxtilə müstəqilliyini və suverenliyini qorumaq üçün mürəkkəb sınaqlardan keçən ölkəmiz bu gün beynəlxalq münasibətlər sistemində “orta güc” statusu qazanaraq qlobal proseslərə təsir göstərən mühüm aktora çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O qeyd edib ki, üçrəngli, ay-ulduzlu bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci il noyabrın 9-da dövlət rəmzi kimi qəbul edilib. Lakin Cümhuriyyətin üzləşdiyi mürəkkəb tarixi şərait bu müqəddəs rəmzin uzun müddət müstəqil dövlətin üzərində dalğalanmasına imkan verməyib. Cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyətin süqutu ilə üçrəngli bayrağımız da rəsmi statusunu itirib. Onun ifadə etdiyi istiqlal ideyası, milli kimlik və dövlətçilik məfkurəsi isə xalqımızın yaddaşında yaşamağa davam edib.
Bu müqəddəs rəmzin yenidən dövlətçilik müstəvisinə qaytarılması Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. 1990-cı il noyabrın 17-də məhz onun təşəbbüsü və sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli, ay-ulduzlu bayrağımız dövlət rəmzi kimi təsdiq edilib. Eyni zamanda, onun Azərbaycanın dövlət bayrağı kimi tanınması üçün respublikanın ali qanunverici orqanı qarşısında vəsatət qaldırılıb.
"Ulu Öndərin bayrağımız qarşısındakı tarixi xidməti təkcə onun yenidən dövlət rəmzi kimi qəbul edilməsinə nail olması ilə məhdudlaşmır. Ümummilli Lider bu bayrağın daim ucalarda dalğalanmasını təmin edə biləcək müstəqil dövlətin möhkəm təməllərini yaradıb. O, 1993-cü ildə ciddi siyasi, iqtisadi və hərbi böhranla üzləşərək parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı bu ağır vəziyyətdən çıxarıb. Həmçinin siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, milli iqtisadiyyatın formalaşdırılması və müstəqil xarici siyasət kursunun müəyyənləşdirilməsi istiqamətində zəruri addımlar atıb. Azərbaycançılıq ideologiyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirməklə, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinə nail olmaqla dövlət müstəqilliyimizin qorunması, inkişafı və ölkəmizin qüdrətlənməsi üçün möhkəm zəmin formalaşdırıb. Bir cümlə ilə ifadə etsək, 1918-ci ildə əsası qoyulmuş, lakin tarixin sərt sınaqları nəticəsində yarımçıq qalmış müstəqil dövlətimizin rəmzi olan üçrəngli bayrağımızın yeni tarixi şəraitdə davamlı dalğalanması Ümummilli Lider Heydər Əliyev tərəfindən təmin edilib",- deyə M.Ələsgərli vurğulayıb.
O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan dövlətinin qüdrəti daha da artıb, üçrəngli bayrağımız yeni zirvələrə yüksəlib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılması, 2023-cü ildə isə dövlət suverenliyimizin tam bərpası ilə Azərbaycan bayrağının Şuşada, Xankəndidə, Xocalıda və işğaldan azad edilmiş digər ərazilərimizdə yenidən ucaldılması təmin edilib. Bununla da üçrəngli bayrağımızın müstəqil dövlətimizin bütün ərazisində dalğalanmasına nail olunub.
“Bu gün Azərbaycan bayrağı dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə və diplomatik platformalarda dalğalanır. Bakıdan Şuşaya, Xankəndidən ölkəmizin ən ucqar yaşayış məntəqələrinə qədər hər yerdə ucalan üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin, suverenliyimizin və tarixi Zəfərimizin rəmzinə çevrilib”, - deyə Müşfiq Ələsgərli əlavə edib.

2026-11-09 19:43:00