×
A
A
A
Sazlamalar

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Bakı, 9 noyabr, AZƏRTAC

9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə birləşdirən əlamətdar tarixdir. Azərbaycan bayrağı sadəcə dövlət rəmzi deyil, xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir.
Bu fikirləri AZƏRTAC-a "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il noyabrın 9-da qəbul etdiyi üçrəngli bayraq dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Həmin bayraq Azərbaycan xalqının müstəqil dövlət qurmaq iradəsinin rəmzinə çevrildi. Cümhuriyyətin süqutundan sonra üçrəngli bayrağımız dövlət səviyyəsində dalğalanmasa da, xalqımızın milli yaddaşında və müstəqillik arzusunda yaşamaqda davam etdi.
Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə üçrəngli bayrağımızla bağlı qəbul edilən tarixi qərarın xüsusi əhəmiyyəti var. Məhz Ulu Öndərin təşəbbüsü və qətiyyətli mövqeyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi və onun Azərbaycanın ali dövlət orqanı qarşısında Dövlət Bayrağı kimi tanınması barədə vəsatət qaldırıldı. Bu qərar müstəqilliyə aparan yolda mühüm siyasi və mənəvi addım idi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı Dövlət Bayrağı kimi təsdiq etdi. Beləliklə, xalqımızın milli azadlıq mübarizəsinin rəmzi yenidən müstəqil Azərbaycanın dövlət atributuna çevrildi.
Nadir Azəri deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Dövlət Bayrağımıza diqqət və ehtiram yeni mərhələyə yüksəldi. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, nəhəng bayraq dirəyinin ucaldılması və Dövlət Bayrağı Muzeyinin fəaliyyətə başlaması bu ehtiramın konkret ifadəsidir. Bu layihələr yalnız memarlıq və şəhərsalma baxımından deyil, həm də dövlətçilik ideologiyasının, milli birliyin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bayrağımız bu gün işğaldan azad edilmiş torpaqlarımızda yenidən qürurla dalğalanır. Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılması Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının rəmzinə çevrildi. Bu gün həmin bayraq şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi hesabına azad edilmiş torpaqlarımızda əbədi dalğalanır.
Siyasi şərhçi qeyd edib ki, bu gün Azərbaycan bayrağı həm ölkə daxilində, həm də beynəlxalq tədbirlərdə dövlətimizin gücünü, nüfuzunu və müstəqil siyasətini təmsil edir. Dünyanın müxtəlif ölkələrində üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Biz bu bayrağı yalnız dövlət rəmzi kimi deyil, həm də müstəqilliyimizin, milli ləyaqətimizin və gələcək nəsillər qarşısında məsuliyyətimizin ifadəsi kimi qorumalıyıq.

2026-11-09 19:39:00