


Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir
Xankəndi, 9 noyabr, AZƏRTAC
Qarabağın tarixi və mənəvi dəyərinin mənimsənilməsi bu gün hər bir gəncin başlıca borcudur. Çünki tarix sadəcə onu yaşamaq deyil, həm də onu yaşatmaq məsuliyyəti tələb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində keçirilən “Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova səsləndirib.
Şöbə müdiri vurğulayıb ki, Vətən müharibəsində əldə olunan Qələbənin gələcək nəsillərə çatdırılması, onun mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir. O qeyd edib ki, bu tarixi Zəfər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərin canı bahasına qazanılıb.
Ü.Axundova ölkədə gənclər siyasətinə göstərilən dövlət dəstəyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Biz çox xoşbəxt xalqıq ki, belə bir liderimiz var. Azərbaycanın gənclər siyasəti haqqında hər platformada qürur hissi ilə danışırıq. Dünyanın istənilən ölkəsi ilə müqayisə apardıqda gənclər siyasətinə göstərilən dəstəyin fərqini aydın görmək mümkündür. Ölkəmizdə gənclər gələcək kimi qəbul olunur və onların hər bir fəaliyyəti diqqət mərkəzində saxlanılır”.
Şöbə müdiri bildirib ki, bu il Azərbaycan Gənclər Forumunun 30 illiyinin Xankəndidə qeyd olunması və gənclərin növbəti illərdə də müxtəlif layihələr çərçivəsində bir araya gəlməsi dövlət gənclər siyasətinin yaratdığı imkanların göstəricisidir.
“Biz bu tədbirin proqramını hazırlayarkən çox düşündük və belə qənaətə gəldik ki, “Zəfər nəsli” anlayışı gənc nəslin qarşısına qoyulan mühüm bir öhdəlikdir. Bu, onlarda həm böyük qürur, həm də məsuliyyət hissi yaradır. Gənclər bu məsuliyyəti dərk edərək gələcəyə baxmalıdırlar. İki gün ərzində Xankəndidə sizinlə birlikdə çox maraqlı proqramımız olacaq”, – deyə Ü.Axundova əlavə edib.
Müxbir-Mikayıl Məmmədov