×
A
A
A
Sazlamalar

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Bakı, 9 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsinin və tarixi ədalətin təntənəsinin rəmzi ifadəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev bildirib.
O qeyd edib ki, Xankəndi bu gün Azərbaycanın hərbi-siyasi Zəfərinin və dövlət suverenliyinin mühüm rəmzlərindən biridir. Dövlət başçısının müraciətində “Qarabağ Azərbaycandır və nida” bəyanatını təkrar səsləndirməsi, həmin nidanın 2023-cü il sentyabrın 20-də keçirilən antiterror əməliyyatı ilə təsdiqlənməsi tarixi Qələbənin məntiqi nəticəsini ifadə edir.
İnstitut direktorunun sözlərinə görə, vaxtilə separatçı rejimin fəaliyyət göstərdiyi binada Zəfər Muzeyinin yaradılması da xüsusi rəmzi məna daşıyacaq: “Bu, işğal və separatizm yaddaşını təmsil edən məkanın Azərbaycanın qəhrəmanlıq tarixini və tarixi Qələbəsini yaşadan mədəniyyət məkanına çevrilməsidir”.
H.Quliyev vurğulayıb ki, Azərbaycanın Zəfəri ardıcıl dövlət siyasətinin, güclü ordu quruculuğunun, fəal diplomatiyanın, iqtisadi inkişafın və xalqın milli həmrəyliyinin nəticəsidir. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti, peşəkarlıq, milli ruh və Vətənə bağlılıq Qələbənin əsas amillərindən olub. O bildirib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını təmin edən vahid tarixi prosesin mühüm mərhələləridir.
Folklor İnstitutunun direktoru işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin də Zəfərin davam edən nəticəsi olduğunu deyib. Onun sözlərinə görə, “Böyük Qayıdış” proqramı çərçivəsində doğma torpaqlara qayıdış, yeni yaşayış məntəqələrinin, məktəblərin, sosial və mədəni obyektlərin inşası tarixi yaddaşın və mədəni varisliyin bərpasına xidmət edir.
Hikmət Quliyev Prezidentin müraciətində azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərlə bağlı səsləndirilən fikirlərin də əhəmiyyətini vurğulayıb. Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası müxtəlif etnik və dini qrupları vahid dövlətçilik mənafeyi ətrafında birləşdirən, milli həmrəyliyi və ümumi gələcəyə inamı gücləndirən əsas ideoloji dayaqlardandır. Vətən müharibəsində xalqın vahid məqsəd naminə səfərbər olması bu məfkurənin real ictimai gücünü nümayiş etdirib.
O, fikirlərini ümumiləşdirərək bildirib ki, Prezident İlham Əliyevin Xankəndidən xalqa ünvanladığı təbrik Zəfərin yalnız hərbi Qələbə deyil, həm də milli iradənin, siyasi qətiyyətin, tarixi ədalətin və ümummilli həmrəyliyin təntənəsi olduğunu təsdiqləyir. Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlət müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək, gələcək nəsillərə güclü və inkişaf edən Azərbaycan miras qoymaqdır.


Müxbir – Tünzalə Zeyvəliyeva

2026-11-09 18:59:00