


“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik
Ankara, 9 noyabr, AZƏRTAC
Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP-31) çərçivəsində Azərbaycanın aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”i təmsil edirik. Ölkəmizin sevilən çay markalarından biri olan “Azərçay” ilə beynəlxalq platformada iştirak etməkdən qürur duyuruq.
Bunu AZƏRTAC-a açıqlamasında "Azərsun Holdinq" şirkətinin İctimaiyyətlə əlaqələr və media şöbəsinin əməkdaşı Günel Yaz səsləndirib.
“Azərsun Holdinq”in Azərbaycanda keçirilən COP29-un əsas tərəfdaşı olduğunu xatırladan G.Yaz qeyd edib ki, bu addım şirkətin iqlim dəyişiklikləri ilə mübarizə, ekoloji məsuliyyət və dayanıqlı inkişaf məsələlərinə verdiyi önəmin bariz göstəricisidir.
“Dayanıqlı inkişaf “Azərsun Holdinq”in fəaliyyət strategiyasının mühüm istiqamətlərindən biridir. Biz bu yanaşmanı yalnız ekoloji təşəbbüslərlə məhdudlaşdırmır, istehsal proseslərindən kənd təsərrüfatına, enerji səmərəliliyindən resursların düzgün idarə olunmasına qədər bütün fəaliyyət sahələrimizdə tətbiq etməyə çalışırıq”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, müəssisədə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, Günəş enerjisi layihələrinin həyata keçirilməsi, enerji və su resurslarından səmərəli istifadə, istehsalatda ekoloji yanaşmaların gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
“Bizim üçün dayanıqlılıq həm də yerli istehsalın inkişafı, kənd təsərrüfatının dəstəklənməsi, məşğulluğun artırılması və gələcək nəsillər üçün daha sağlam ətraf mühitin qorunması deməkdir”, - deyə G.Yaz biildirib.
O qeyd edib ki, COP31 çərçivəsində Azərbaycan pavilyonunda yerləşən “Azərçay” stendində yerli və beynəlxalq qonaqlarla görüşlər keçirilir: “Stendimizə göstərilən maraq və qonaqlarımızla qurduğumuz ünsiyyət Azərbaycanın çay mədəniyyətini, qonaqpərvərlik ənənələrini və milli dəyərlərini beynəlxalq auditoriyaya təqdim etmək baxımından xüsusi əhəmiyyət daşıyır. İnanırıq ki, dayanıqlı gələcək yalnız böyük qlobal təşəbbüslərlə deyil, hər birimizin gündəlik seçimləri və məsuliyyətli yanaşması ilə formalaşır. COP31 kimi nüfuzlu beynəlxalq platformada həm ölkəmizi, həm də “Azərsun Holdinq”in milli brendini təmsil etmək bizim üçün böyük qürurdur”.