


Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO
Antalya, 9 noyabr, AZƏRTAC
Türkiyə ilə Azərbaycan dost və qardaş ölkələrdir. Dövlətlərimiz ayrı olsa da, xalqlarımızın ruhu, kimliyi və qardaşlıq bağları eynidir. Biz qardaşıq və heç bir qüvvə bu iki xalqı bir-birindən ayıra bilməz. Hər iki ölkənin dövlət başçısı bu həqiqəti bir daha Şuşada bütün dünyaya nümayiş etdirdilər. Onların verdiyi mesaj tarixi əhəmiyyət daşıyır. Bu, yalnız dostlarımıza deyil, eyni zamanda, dost olmayanlara da ünvanlanan mühüm mesajdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Antalyada keçirilən COP31-də Azərbaycan mətbuatına açıqlamasında Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvar səsləndirib.
Dövlət başçılarımızın müəyyən etdiyi strateji baxışa uyğun olaraq iki ölkə arasında təhsil, elm və digər yeni sahələrdə əməkdaşlığın davam etdiriləcəyini vurğulayan Özvar deyib: “Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında universitetlərarası əlaqələrin, elmi və akademik əməkdaşlığın inkişafı istiqamətində indiyədək görünməmiş səviyyədə sıx əməkdaşlıq mövcuddur. Azərbaycan ilə Türkiyə ali təhsil və elmi tədqiqatlar sahəsində dünyaya nümunə ola biləcək əməkdaşlıq modeli formalaşdırıb. Bu əməkdaşlığın əsas istiqamətlərindən biri tələbə-müəllim mübadiləsinin genişləndirilməsidir. Bununla yanaşı, iki ölkənin universitetləri arasında birgə elmi tədqiqat layihələri həyata keçirilir”.
Türkiyəli rəsmi elmi tədqiqat və inkişaf sahəsində əməkdaşlıqla yanaşı, gənc akademik kadrların yetişdirilməsi istiqamətində də birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, bu məsələdə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin müvafiq qurumları arasında yüksək səviyyəli koordinasiyanın olduğunu diqqətə çatdırıb.
Erol Özvar ali təhsil sahəsində əməkdaşlığın ən konkret nümunələrindən biri kimi Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Bakıda yaradılan universitetdə Türkiyənin üç aparıcı universitetinin təhsil proqramları həyata keçirilir. Hazırda Azərbaycanın 120-dən çox gənci bu ali təhsil müəssisəsində təhsil alır.
YÖK sədri Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq, Ali Təhsil Şurasının bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib: “Türkiyə və Azərbaycan elm və texnologiya sahəsində əvvəlki dövrlərlə müqayisədə daha sıx əlaqələr qurur, səmərəli əməkdaşlıq layihələri həyata keçirirlər. Bu əməkdaşlığın əsas daşıyıcıları isə hər iki ölkənin universitetləridir. Müdafiə sənayesi və texnologiyaları sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə doktorantura proqramları vasitəsilə universitetlərarası əməkdaşlıq daha da inkişaf etdiriləcək”.