


Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur
Ankara, 9 noyabr, AZƏRTAC
Cənubi Qafqaz iqlim dəyişmələri ilə mübarizə səylərinin diqqət mərkəzindədir və bu baxımdan digər regionlardan fərqlənir. Bu, xüsusilə ətraf mühit gündəliyinin fəal şəkildə müzakirə olunduğu və konkret təşəbbüslərin həyata keçirildiyi Azərbaycanda özünü göstərir.
Bu barədə Antalyada keçirilən COP31 iqlim konfransında iştirak edən Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili AZƏRTAC-a bildirib.
E. Tkeşelaşvili vurğulayıb ki, Azərbaycan regional baxımdan ətraf mühit əməkdaşlığına verdiyi töhfənin müsbət nümunəsidir. O, Xəzər dənizinin duzsuzlaşdırılması layihəsini nümunə gətirərək bildirib: “Azərbaycanın təcrübəsi dünyanın bir çox ölkəsi, beynəlxalq təşkilatlar və özəl sektor üçün maraqlıdır”.
Gürcüstan Baş nazirinin sabiq müavini daha sonra yaşıl iqtisadiyyata diqqət yetirməyin vacibliyini qeyd edib. O qeyd edib: “İqtisadiyyatların yaşıl transformasiyası olmadan dövlətlərin dayanıqlı inkişafını təsəvvür etmək artıq mümkün deyil. Yaşıl iqtisadiyyat bu gün bir çox ölkədə dövlət siyasətinin əsas elementidir”.
Onun sözlərinə görə, Gürcüstanın ekoloji problemləri, həmçinin Ukraynadakı müharibənin mənfi təsirinin hiss olunduğu Qara dənizdəki vəziyyətlə də bağlıdır.
“Qara dənizdən gələn minaların və digər təhdidlərin sayını nəzərə alsaq, vəziyyət həqiqətən də acınacaqlıdır. Təəssüf ki, müharibə davam edərkən, vəziyyəti həll etmək üçün addımları müzakirə etmək çox çətindir”, - deyə o bildirib.