


Vyanada Zəfər Günü qeyd olunub
Bakı, 9 noyabr, AZƏRTAC
Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir və Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bildirib ki, Şanlı Zəfər Azərbaycan xalqının birliyinin, qəhrəmanlığının və tarixi ədalətin bərpasının simvoludur. O, Faiq Sücəddinovun Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, çoxşaxəli yaradıcılığından və sənət yolundan da söz açıb.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Avstriyada yaşayan soydaşlarımızı Zəfər Günü münasibətilə təbrik edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaiətindən danışıb, bu tarixi günün xalqımız üçün xüsusi əhəmiyyətindən bəhs edib. Xaricdə yaşayan azərbaycanlıların milli-mədəni irsimizə bağlılığının qorunmasında, diaspor icmaları arasında birlik və həmrəyliyin möhkəmləndirilməsində bu kimi mədəni tədbirlərin əhəmiyyəti vurğulanıb.
Gecənin davamında Xalq artisti Faiq Sücəddinov sənət yolunun maraqlı məqamlarını, həyat və yaradıcılığı ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. Sevilən əsərlərinin yaranma tarixçəsindən danışan bəstəkar bir neçə musiqi nümunəsini ifa edib. Onun canlı ifası və səmimi söhbəti iştirakçılara bəstəkarın yaradıcılığını daha yaxından tanımaq, tanış musiqiləri fərqli ovqatda dinləmək imkanı yaradıb.
Zəfər Gününə həsr olunan bədii proqramda isə bəstəkarın əsərləri xüsusi yer tutub. Solist Fatimə Cəfərzadə Faiq Sücəddinovun bir sıra musiqi nümunələrini Aqşin Tariyeloğlunun tarda, Əhəd Nəbiyevin isə nağarada müşayiəti ilə ifa edib. Bəstəkarın da ifaçılara qoşulması musiqi proqramına xüsusi ahəng və yaddaqalan anlar bəxş edib.
Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev də iştirak edib.