×
A
A
A
Sazlamalar

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Antalya, 9 noyabr, AZƏRTAC

Türkiyənin Antalya vilayətində keçirilən COP31-də Azərbaycan “Dialoq Dəhlizi” (“Corridor of Dialogue”) konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunur. Türkiyənin ev sahibi olduğu və danışıqlar prosesinə Avstraliyanın rəhbərlik etdiyi konfransda 200-ə yaxın ölkənin nümayəndə heyəti iştirak edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı həm yaşıl enerji infrastrukturu, həm də beynəlxalq dialoq baxımından mühüm əlaqələndirici mərkəz kimi təqdim edən pavilyonda konfransın iki həftəsi ərzində 40-dan çox tədbir, dialoq və görüş keçiriləcək. Pavilyon Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq üçün platformalar yaratmaq ənənəsini davam etdirir. Bakıda keçirilən COP29-da “Həmrəylik Evi” (“House of Solidarity”), Braziliyanın Belem şəhərində baş tutan COP30-da isə “İrs Zalı” (“Hall of Legacy”) ilə təqdim olunan bu yanaşma Antalyada yeni məzmun qazanır. Burada əsas diqqət əldə edilən razılaşmaların dialoq vasitəsilə konkret nəticələrə və praktik əməkdaşlığa çevrilməsi imkanlarına yönəldilir. Pavilyon Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.
“Dialoq Dəhlizi” konsepsiyası bir-birini tamamlayan iki əsas istiqaməti əhatə edir. Birinci istiqamət fiziki bağlantılar və enerji infrastrukturu ilə bağlıdır. Mərkəzi Asiyanın zəngin bərpaolunan enerji resursları ilə Avropanın artan enerji tələbatı arasında strateji mövqedə yerləşən Azərbaycan hazırda dörd yaşıl enerji dəhlizinin inkişafı üzərində işləyir. Pavilyonda nümayiş etdirilən “Yaşıl enerji dəhlizləri” ekspozisiyası ziyarətçilərə bu marşrutlar və onların icra mərhələləri barədə ətraflı məlumat verir.
Bu təşəbbüslərin əsasını Azərbaycanın ölkə daxilində genişləndirdiyi təmiz enerji infrastrukturu təşkil edir. Külək və Günəş enerjisi layihələri, eləcə də ölkədə ilk dəfə elektrik şəbəkəsi miqyasında tətbiq olunan batareya əsaslı enerji saxlama sistemi bu istiqamətdə görülən işlərin mühüm hissəsidir. “Yaşıl enerji zonası” elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji mənbələrindən istifadə regionun dayanıqlı inkişafına töhfə verir. Pavilyonun ziyarətçiləri Azərbaycanın bərpaolunan enerji potensialı və hədəfləri, həyata keçirilən yeni layihələr, həmçinin onların ölkənin elektrik şəbəkəsinə inteqrasiyası ilə tanış ola bilərlər.
Konsepsiyanın ikinci istiqaməti beynəlxalq dialoq və tərəfdaşlıqdır. Azərbaycan enerji bağlantılarının inkişafını, eləcə də iqlim fəaliyyəti və təmiz enerjiyə keçid üzrə daha geniş gündəliyini hökumətlər, maliyyə institutları və özəl şirkətlərlə qurduğu əməkdaşlıq əsasında irəli aparır. Pavilyonda Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq, o cümlədən Masdar, ACWA Power, BP, Dünya Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Yaşıl İqlim Fondu (GCF) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kimi nüfuzlu şirkət və təşkilatlarla tərəfdaşlıq əlaqələri təqdim olunur.
Bu yanaşma Azərbaycanın digər dörd sahilyanı dövlətlə bölüşdüyü Xəzər dənizinin mühafizəsi məsələsində də öz əksini tapır. Pavilyonun Xəzər dənizinə həsr olunmuş ekspozisiyasında su səviyyəsində baş verən dəyişikliklər, dənizin zəngin biomüxtəlifliyi, o cümlədən nəsli kəsilmək təhlükəsi ilə üzləşən Xəzər suitisi haqqında məlumat təqdim edilir. Eyni zamanda, beş Xəzəryanı ölkənin dənizin ekosisteminin qorunması istiqamətində birgə həyata keçirdiyi praktiki tədbirlər nümayiş olunur. Ziyarətçilər Azərbaycanın Paris Sazişindən bu günədək keçdiyi iqlim fəaliyyəti yolu ilə də tanış olmaq imkanı da əldə edirlər.
Ümumi sahəsi 244 kvadratmetr olan pavilyonda sərgi məkanı ilə yanaşı, konfrans zalı və görüş otaqları da fəaliyyət göstərir. Ziyarətçilər burada “Azərçay” tərəfindən təqdim olunan ənənəvi Azərbaycan çayı ilə qarşılanırlar. Bu il ilk dəfə olaraq Azərbaycan pavilyonunun rəsmi maskotu da təqdim edilir. Nəsli kəsilmək təhlükəsi ilə üzləşən Xəzər suitisini təmsil edən maskotun məqsədi bu nadir növün üzləşdiyi təhlükələrə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.
Pavilyonun tədbirlər proqramında COP29 Sədrliyinin irsinin davam etdirilməsinə və Bakıda irəli sürülmüş təşəbbüslərin inkişafına xüsusi yer ayrılır. COP31-in davam edəcəyi iki həftə ərzində burada hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, maliyyə institutlarının, biznes və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə 40-dan çox tədbir, dialoq və görüş keçiriləcək.
Xəzər dənizinin mühafizəsi və su ehtiyatları sahəsində əməkdaşlıq, yenidənqurma və dayanıqlı şəhərlərin inkişafı, özəl sektorun maliyyələşdirmə və investisiya imkanları, gənclərin və qadınların iqlim fəaliyyətində iştirakı, eləcə də erkən xəbərdarlıq sistemləri və iqlim dəyişmələrinə uyğunlaşma məsələləri müzakirə olunacaq.
Qeyri-hökumət təşkilatları, o cümlədən IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi də pavilyonun fəaliyyətində fəal iştirak edəcək. Bu çərçivədə iqlim dayanıqlığının gücləndirilməsi üçün rəqəmsal həllər, təmiz hava və sağlam şəhər mühiti, Xəzər dənizinin mühafizəsi, həmçinin yerli icmaların iştirakı ilə təbiətin qorunması istiqamətində yanaşma və təşəbbüslər diqqətə çatdırılacaq.
Azərbaycanın COP31-də fəal iştirakı Azərbaycan və Türkiyə arasında mövcud olan möhkəm dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürüdür. COP31-in rəsmi açılış mərasimində COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və COP30-un prezidenti Andre Korrea do Laqo beynəlxalq iqlim əməkdaşlığına verdiyi töhfələrə və göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürlərini bildiriblər.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

2026-11-09 17:40:00