


8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin parlaq təcəssümüdür
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Günü xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin və ərazi bütövlüyümüz uğrunda mübarizəsinin parlaq təcəssümüdür. Bu əlamətdar tarix Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq, milli birlik və tarixi ədalətin təntənəsi kimi əbədi həkk olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.
Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq, yüksək döyüş əzmi və hərbi peşəkarlıq nümayiş etdirərək, keçilməz qayaları aşmaqla, mürəkkəb relyef şəraitində son dərəcə çətin hərbi əməliyyatı uğurla həyata keçirdi və Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini işğaldan azad etdi: “Şuşa əməliyyatı müasir hərb tarixinə qızıl hərflərlə yazılmış bənzərsiz bir zəfərdir. Bu əməliyyat Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin, peşəkar hərbi hazırlığının, strateji düşüncə və planlaşdırma məharətinin, eləcə də ən mürəkkəb döyüş şəraitində belə qarşıya qoyulan vəzifələri uğurla icra etmək imkanlarının parlaq nümayişi olub. Şuşanın sıldırım qayalıqları, mürəkkəb dağlıq relyefi və əlverişsiz döyüş şəraiti əməliyyatın hərbi baxımdan müstəsna çətinliyini şərtləndirsə də, Azərbaycan hərbçilərinin misilsiz şücaəti, yüksək döyüş ruhu, fədakarlığı və peşəkarlığı bu tarixi missiyanın uğurla başa çatmasını təmin edib. Şuşa Zəfəri 44 günlük Vətən müharibəsinin gedişinə və yekunlarına həlledici təsir göstərən strateji hadisə olub. Şəhərin azad edilməsi Ermənistanın müdafiə sisteminə və müqavimət imkanlarına ciddi zərbə vuraraq müharibənin başa çatmasını şərtləndirən əsas amillərdən birinə çevrilib. Şuşa əməliyyatı bir daha sübut etdi ki, güclü siyasi liderlik, düzgün müəyyənləşdirilmiş hərbi strategiya, müasir ordu quruculuğu və xalq-ordu birliyi ən mürəkkəb tarixi vəzifələrin belə uğurla həyata keçirilməsinin əsas təminatıdır”, - deyə o qeyd edib.
S.Məmmədov vurğulayıb ki, bu gün həm də Şuşa Şəhəri Günüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri sistemli, kompleks və uzunmüddətli inkişaf strategiyasına əsaslanaraq, şəhərin tarixi əzəmətinin, müasir infrastrukturunun və sosial-iqtisadi potensialının yenidən formalaşdırılmasını təmin edir. Şəhərin yol-nəqliyyat, elektrik enerjisi, su təchizatı, rabitə və digər infrastrukturu yenidən qurulub, müasir idarəetmə sistemləri tətbiq edilib, yaşayış və sosial xidmət obyektlərinin yaradılması istiqamətində mühüm layihələr reallaşdırılıb. Zəfər yolunun istifadəyə verilməsi, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin, eyni zamanda, digər strateji obyektlərin yaradılması şəhərin müasir inkişafının fundamental əsaslarını formalaşdırıb. Bu prosesin ən mühüm istiqamətlərindən biri Şuşanın tarixi-memarlıq simasının qorunması və milli-mədəni irsinin bərpasıdır.
“Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeylərinin, Mehmandarov malikanə kompleksinin, Gövhər Ağa, Saatlı və digər tarixi məscidlərin bərpası bu istiqamətdə həyata keçirilən işlərin mühüm nəticələridir.
Şuşada həyata keçirilən layihələr sırasında təhsil və insan kapitalının inkişafına yönəlmiş təşəbbüslər də mühüm yer tutur. Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra istifadəyə verilməsi, müasir tədris və təlim imkanlarının yaradılması şəhərin gələcək inkişafında insan amilinin prioritet olduğunu göstərir”, - deyə Milli Məclisin deputatı nəzərə çatdırıb.