


Tbilisidə Zəfər Günü qeyd olunub
Tbilisi, 8 noyabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən "Alyans" Gənclər Mərkəzinin müəllim və tələbələri 8 Noyabr - Zəfər Gününü özünəməxsus şəkildə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl mərkəzin icraçı direktoru Rəna Hüseynova məzunlara təbrik nitqi ilə müraciət edərək, Zəfərin tarixi və mənəvi əhəmiyyətini vurğulayıb, gənclərin milli dəyərlərə sahib çıxmasının vacibliyini qeyd edib.
Sonra şəhərin qədim Abanotubani məhəlləsində Gürcüstan və Azərbaycan bayraqları dalğalandırılaraq, səmaya əlvan şarlar buraxılıb. Bununla tədbir iştirakçıları Qələbə ruhunu və iki qardaş xalq arasındakı dostluq münasibətlərini növbəti dəfə nümayiş etdiriblər. Səmaya ucalan bayraqlar və rəngarəng şarlar Zəfər Gününün təntənəsini Tbilisinin tarixi mərkəzində vizual bayram tablosuna çevirib.
Bu rəmzi aksiya ilə gənclər həm Azərbaycanın şanlı Qələbəsinə olan hisslərini ifadə edib, həm də Gürcüstan və Azərbaycan arasında mövcud olan sarsılmaz həmrəylik və dostluq mesajını çatdırıblar.