×
A
A
A
Sazlamalar

Federasiya rəsmisi: Yorğa atların yarışlarının daha da inkişaf edəcəyinə inanırıq

Bakı, 8 noyabr, AZƏRTAC

Bu gün Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən 80-ə yaxın yorğa həvəskarı bir araya gəlib. Tədbir çərçivəsində 1200 metrdən 3200 metrədək məsafələrdə 14 kateqoriya üzrə yarışlar keçirilir və qaliblər müəyyənləşdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) at yarışları üzrə departament müdiri Elnarə Musayeva Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” uğrunda yorğa qaçışları barədə danışarkən deyib.
O bildirib ki, yorğa atların yarışı xüsusi formatda keçirilir. Belə ki, atlar startdan finişədək bütün məsafəni xüsusi yorğa yerişi ilə qət etməlidir və adi atlar kimi dördnalla hərəkət edə bilməz.
“Dördnalla hərəkət edən atlarla bağlı əvvəlcə xəbərdarlıq edilir, bu hal təkrarlandıqda isə onlar yarışdan kənarlaşdırılır. Yarışda müxtəlif bölgələrdən atlar və iştirakçılar təmsil olunurlar. Laçın, Şuşa, Bakı və paytaxtın, demək olar ki, bütün kəndlərindən iştirakçılar var. Bu, çox sevindirici haldır. İnanırıq ki, gələcəkdə yorğa atlarının yarışları daha da inkişaf edəcək. Federasiya olaraq bu istiqamətdə əlimizdən gələni edir, iştirakçılara dəstək oluruq”, - deyə o diqqətə çatdırıb.

Videooperator - Ceyhun Mustafayev

İdman 2026-11-08 18:21:00