×
A
A
A
Sazlamalar

Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan qürur” adlı tədbir keçirilib

Tbilisi, 7 noyabr, AZƏRTAC

Bu gün Marneulidəki Azərbaycan Evində Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan qürur” adlı təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə baş tutub.
Tədbir iştirakçıları GAİM-in rəsm kursunun şagirdlərinin 44 günlük Vətən müharibəsinə və tarixi Zəfərə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə “SOCAR Energy Georgia” şirkətinin, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri və üzvləri, TİKA-nın Gürcüstan nümayəndəliyinin, Türkiyə Maarif Məktəblərinin nümayəndələri, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov, Marneuli Bələdiyyə Məclisinin struktur bölmələrinin rəhbərləri və üzvləri, Gürcüstanın Birinci Kanalının nümayəndəsi Ramilə Əliyeva, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, sabiq deputatlar, ziyalılar, müəllimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov çıxış edərək Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqın milli birliyinin, iradəsinin və vətənpərvərlik ruhunun təntənəsi olduğunu bildirib. Qeyd edib ki, Zəfər yalnız hərbi uğur deyil, həm də xalqın tarixi ədalətə, milli qürura və dövlətçilik ideallarına bağlılığının ifadəsidir. O, bu tarixi yaddaşın qorunmasının və gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.
Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov çıxış edərək Zəfər Gününün mənəvi və tarixi əhəmiyyətinə toxunub. Müfti qeyd edib ki, Vətən sevgisi, birlik, həmrəylik və milli-mənəvi dəyərlərə bağlılıq hər bir insanın həyatında mühüm yer tutmalıdır. O, şəhid ailələrinə ehtiramın göstərilməsinin, qazilərə diqqət və qayğı ilə yanaşılmasının cəmiyyətin mənəvi borcu olduğunu vurğulayıb.
Gürcüstanın Birinci Kanalının nümayəndəsi Ramilə Əliyeva çıxışında Zəfər Gününün həm Azərbaycanda, həm də Gürcüstanda yaşayan azərbaycanlılar üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını qeyd edib. O, tarixi hadisələrin, milli qəhrəmanlıq nümunələrinin və Vətən müharibəsi həqiqətlərinin media vasitəsilə gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb. Ramilə Əliyeva milli kimliyin, ana dilinin və tarixi yaddaşın qorunmasında medianın üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb.
Sonra GAK sədi Hüseyin Yusifov, professor Şürəddin Məmmədli, sabiq deputatlar Azər Süleymanov, Ramiz Bəkirov və başqaları çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəyliyin və ordunun qəhrəmanlığının tarixi əhəmiyyətini vurğulayıblar. Əldə olunan Zəfərin uzun illər davam edən mübarizənin, xalqın iradəsinin və dövlətin qətiyyətli siyasətinin nəticəsi olduğunu bildiriblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, Gürcüstanda yaşayan azərbaycanlıları bu tarixi Qələbəni böyük qürur hissi ilə qeyd edirlər. Xüsusi qeyd olunub ki, gənclərin tarixi hadisələr barədə dolğun məlumatlandırılmasını, milli-mədəni irsə və Vətənə bağlılıq ruhunda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Sonda GAİM-in nəzdində fəaliyyət göstərən “Sarvan” folklor ansamblı və aşıq Nargilə Mehtiyeva Azərbaycan və Gürcüstan milli rəqslərini və milli musiqiləri ifa ediblər.
Tədbirin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinin zəngin nümunələri təqdim olunub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2026-11-07 19:00:00