


Beyləqanda “Şəhidlər” Abidə Kompleksinin və “Şəhidlər” parkının açılışı olub
Beyləqan, 7 noyabr, AZƏRTAC
Beyləqanda Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə ucaldılmış “Şəhidlər” Abidə Kompleksinin və “Şəhidlər” parkının açılışı olub. Mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbçilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə kompleksində Birinci və İkinci Qarabağ müharibələrində, Aprel döyüşlərində, antiterror əməliyyatlarında, eləcə də sonrakı hərbi əməliyyatlar zamanı Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış 356 nəfər beyləqanlı qəhrəmanımızın fotoşəkilləri yer alıb.
Açılış mərasimində çıxış edənlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən, Birinci Qarabağ müharibəsində xalqımızın nümayiş etdirdiyi mübarizə əzmi və fədakarlıqdan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaətdən bəhs ediblər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna yer tutduğu, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının milli qürurumuzun təntənəsi olduğu vurğulanıb.
Diqqətə çatdırılıb ki, şəhidlərin xatirəsinin yaşadılması, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Şəhidlər Abidə Kompleksi yalnız xatirə məkanı deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli yaddaşın qorunmasına xidmət edən mühüm mənəvi məkandır.
Müxbir – Tahir Ağaməmmədov