×
A
A
A
Sazlamalar

Tarixi Zəfər Azərbaycanın siyasi iradəsinin, iqtisadi qüdrətinin və milli birliyinin nəticəsidir ŞƏRH

Bakı, 7 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biridir. Altı il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoydu, ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etdi. Qəhrəman Azərbaycan oğullarının şücaəti ilə döyüş meydanında əldə edilən bu Zəfər həm də Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin, iqtisadi və hərbi qüdrətinin, xalqımızın sarsılmaz birliyinin nəticəsi idi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
Tarixi Zəfərimizin siyasi və iqtisadi əsaslarının Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası ilə formalaşdırıldığını xatırladan Şahin İsmayılov vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində ölkəmizin iqtisadi potensialı gücləndirilib, peşəkar ordu quruculuğu həyata keçirilib, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndirilib. Xüsusilə enerji və nəqliyyat sahələrində reallaşdırılan strateji layihələr ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişafına da mühüm töhfə verib.
“Möhtərəm Prezidentimiz İlham Əliyev bütün bu illər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin başlıca prioritetlərindən biri kimi müəyyənləşdirmişdi. Ölkəmiz bir tərəfdən münaqişənin sülh yolu ilə həllinə çalışır, beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə müdafiə edir, digər tərəfdən isə öz hərbi və iqtisadi qüdrətini artırırdı. Təbii ki, ölkəmizin iqtisadi qüdrətinin artması Silahlı Qüvvələrimizin müasir silah və hərbi texnika ilə təchiz edilməsinə, peşəkar hərbi kadrların hazırlanmasına və müdafiə sənayemizin inkişafına geniş imkanlar yaratdı”, - deyə Şahin İsmayılov vurğulayıb.
Komitə sədri bildirib ki, işğalçı Ermənistan dövləti isə həm təmas xəttində təxribatlar törədir, həm də siyasi bəyanatları ilə danışıqlar prosesini pozur, münaqişənin sülh yolu ilə həllini mümkünsüz edirdi. Ermənistanın havadarları isə mövcud status-kvonu qoruyub saxlamaq üçün bütün addımları atırdılar.
Azərbaycan xalqının 2020-ci il sentyabrın 27-də öz Liderinin ətrafında sıx birləşərək tarixi ədalətin bərpası uğrunda mübarizəyə qalxdığını xatırladan Şahin İsmayılov deyib: “Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsində Ordumuz 44 gün ərzində mühüm qələbələr qazandı. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin nəticəsini müəyyənləşdirdi və Ermənistanın kapitulyasiyasını labüd etdi”.
Şahin İsmayılov qeyd edib ki, Vətən müharibəsində qazanılan Qələbəni şərtləndirən ən mühüm amillərdən biri də xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik idi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları ümummilli məqsəd ətrafında birləşdi, ön və arxa cəbhədə Ordumuza dəstək göstərdilər. Xüsusilə gənclərin vətənpərvərliyi, döyüş meydanında nümayiş etdirdikləri qəhrəmanlıq və fədakarlıq tarixi Zəfərimizin əldə olunmasında mühüm rol oynadı. Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək döyüş ruhu və Vətənə sədaqəti ən mürəkkəb hərbi tapşırıqların uğurla icrasını təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa olunub.
Zəfərimizin ardınca dövlətimizin başçısının birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldığını xatırladan komitə sədri vurğulayıb ki, işğal dövründə dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu proses Azərbaycanın güclü iqtisadi potensialına malik olduğunu nümayiş etdirir.
“Ötən altı il ərzində Qarabağa və Şərqi Zəngəzura 100 minə yaxın insanın qayıdışı təmin olunub. Bu göstəricilər Azərbaycanın tarixi Qələbədən sonra da qarşıya qoyduğu məqsədlərə də ardıcıl şəkildə nail olduğunu göstərir. Tarixi Zəfər Azərbaycanın siyasi iradəsinin, iqtisadi qüdrətinin və milli birliyinin nəticəsidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri isə dövlətimizin gücünü və qarşıya qoyduğu hədəflərə nail olmaq əzmini bir daha nümayiş etdirir. Artıq Azərbaycan xalqı Zəfər Gününü həm də doğma torpaqlarımızda bərpa olunan həyatın sevinci ilə qeyd edir”, – deyə komitə sədri bildirib.

2026-11-07 18:36:00