×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyində 8 Noyabr – Zəfər Günü qeyd olunub

Bakı, 7 noyabr, AZƏRTAC
Maliyyə Nazirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən maliyyə nazirinin müavini Natiq Həsənov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna yer tutduğunu vurğulayıb. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun yüksək peşəkarlığı və qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və həmrəyliyi sayəsində mümkün olub.
N.Həsənov bildirib ki, Zəfər yalnız ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası deyil, eyni zamanda Azərbaycanın milli iradəsinin, dövlətçilik əzminin və beynəlxalq mövqeyinin nümayişi kimi mühüm tarixi əhəmiyyət daşıyır. Bu möhtəşəm Qələbə xalqımızın öz torpaqlarına bağlılığını, dövlətimizin gücünü və qarşıya qoyduğu strateji məqsədlərə nail olmaq əzmini bir daha təsdiqləyib.
Tədbirdə vurğulanıb ki, Vətən müharibəsində əldə olunan tarixi nailiyyətlərin qorunması və möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdışın təmin edilməsi bu gün qarşımızda duran mühüm vəzifələrdəndir. Bu prosesdə dayanıqlı iqtisadi inkişafın, maliyyə sabitliyinin və dövlət resurslarının səmərəli idarə olunmasının xüsusi əhəmiyyət daşıdığı və Maliyyə Nazirliyinin bu istiqamətdə üzərinə düşən vəzifələri bundan sonra da böyük təşəbbüskarlıqla yerinə yetirəcəyi qeyd olunub.
Daha sonra nazirliyin Vətən müharibəsinin iştirakçısı olan əməkdaşları Anar Mehdiyev və İbrahim Mənsimzadə çıxış edərək müharibə dövründə yaşadıqları təəssüratları bölüşüb, Azərbaycan əsgərinin Vətən uğrunda göstərdiyi fədakarlıqlardan danışıblar. Onlar tarixi Zəfərin əldə olunmasında hər bir əsgər və zabitin nümayiş etdirdiyi cəsarətin, birlik və həmrəyliyin mühüm rolunu qeyd ediblər.
Tədbir Vətən müharibəsinə həsr olunmuş filmin nümayişi ilə sona çatıb.

Cəmiyyət 2026-11-07 18:24:00