×
A
A
A
Sazlamalar

Zəfər Gününün bizə aşıladığı ən mühüm dəyərlərdən biri də dövlətçilik məsuliyyəti və milli həmrəylikdir - ŞƏRH

Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 8-i Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş möhtəşəm Zəfər Günüdür. Bu tarix, sadəcə, hərbi Qələbənin ildönümü deyil, həm də xalqımızın illərlə qəlbində yaşatdığı torpaq həsrətinin, azadlıq arzusunun və tarixi ədalətin təntənəsidir. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və ordumuzun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov söyləyib.
O bildirib ki, bu böyük Zəfərin təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti dayanır.
“Ölkəmizin iqtisadi qüdrətinin artırılması, ordunun müasirləşdirilməsi və milli birliyin möhkəmləndirilməsi tarixi Qələbəyə aparan yolun əsas amilləri oldu. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə misilsiz şücaət göstərərək torpaqlarımızı işğaldan azad etdi. Xüsusilə noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyini müəyyənləşdirən tarixi hadisə oldu. Şuşada dalğalanan üçrəngli bayrağımız Azərbaycanın əzmini, milli qürurunu və sarsılmaz iradəsini təcəssüm etdirdi.
Zəfər Gününün mənəvi mahiyyəti, ilk növbədə, şəhidlərimizin müqəddəs xatirəsi ilə bağlıdır. Bu Qələbə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın qanı, qazilərimizin fədakarlığı və milyonlarla insanın bir yumruq kimi birləşməsi hesabına qazanıldı. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizə və şəhid ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradı Azərbaycan xalqının tarixi Qələbəsinin möhtəşəm nümayişi oldu. Bu parad həm də dövlətimizin hərbi qüdrətinin, milli birliyinin və gələcəyə inamının rəmzinə çevrildi. Bu gün Zəfər muzeyi, Hərbi Qənimətlər Parkı və Zəfər parkı həmin tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasına xidmət edir", - deyə R.Muradov vurğulayıb.
O əlavə edib ki, Zəfər Gününün aşıladığı ən mühüm dəyərlərdən biri də dövlətçilik məsuliyyəti və milli həmrəylikdir: “Azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının həyata keçirilməsi Qələbəmizin davamıdır. Doğma yurdlarına qayıdan ailələrin öz evlərində təhlükəsiz və firavan yaşaması, Qarabağın yenidən dirçəlməsi bu tarixi Zəfərin ən böyük nəticələrindəndir”.

2026-11-07 18:10:00