×
A
A
A
Sazlamalar

Azərbaycanın Zəfər Günü Haaqada qeyd olunub

Haaqa, 7 noyabr, AZƏRTAC

Haaqada Paleiskerk kilsəsində 8 Noyabr – Azərbaycanın Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib, Azərbaycan xalq və folklor musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Niderlanddakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən mərasimdə Niderlandın dövlət qurumlarının, diplomatik korpusun, siyasi, ictimai, mədəniyyət və akademik dairələrin, media nümayəndələrinin, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Azərbaycanın Niderlanddakı səfiri Anar Əcəmov tədbiri giriş sözü ilə açaraq, Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Gününün eyni dövrdə qeyd olunmasının dövlətçilik ənənələrinin möhkəmliyini, milli birlik və həmrəyliyi əks etdirdiyini bildirib. O, tarixi Qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi sayəsində əldə edildiyini vurğulayıb. Səfir Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının tarixi əhəmiyyətini, həmçinin milli-mədəni irsin beynəlxalq səviyyədə tanıdılmasında bu cür tədbirlərin rolunu qeyd edib.
Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının müəllimləri, Əməkdar artist Toğrul Əsədullayev (kamança) və Rüstəm Müslümov (tar), Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin artisti Nərgiz Əliyeva və Cahangir Cahangirov adına Xorun solisti Rəvan Qacayev çıxış ediblər. İfaçılar Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini təqdim ediblər.
Proqramda “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Mənim Azərbaycanım”, “Tellərini yan dara, qız”, “Qarabağ”, “Vətən yaxşıdır” və “Yaşa, Azərbaycan!” kimi sevilən xalq mahnıları, muğam və bəstəkar əsərləri səsləndirilib.
Konsert iştirakçılara Azərbaycan musiqisinin zənginliyini, özünəməxsus ruhunu və milli-mədəni irsini yaxından tanımaq imkanı yaradıb, qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Siyasət 2026-11-07 17:51:00