


Şamaxı Astrofizika Rəsədxanası ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 7 noyabr, AZƏRTAC
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Rəsədxananın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, memorandumu rəsədxananın direktoru AMEA-nın müxbir üzvü, professor Namiq Cəlilov və Xəzər Universitetinin rektoru, təhsil üzrə fəlsəfə doktoru Raziyə İsayeva imzalayıblar.
İmzalanma mərasimi Xəzər Universitetinin rəhbərliyi, əməkdaşları və beynəlxalq tələbələrinin rəsədxanaya səfəri çərçivəsində keçirilib. Səfərdə universitetin təsisçisi, akademik Hamlet İsaxanlı, universitet rəhbərliyinin nümayəndələri, fakültə dekanları və əməkdaşlar iştirak ediblər.
Rəsədxanaya səfər zamanı qonaqlara müəssisənin fəaliyyəti və Azərbaycanın astronomiya sahəsində elmi nailiyyətləri haqqında məlumat verilib. Tələbələr ölkəmizin elmi irsinin mühüm mərkəzlərindən biri olan Şamaxı Astrofizika Rəsədxanasını yaxından tanımaq imkanı əldə ediblər.