×
A
A
A
Sazlamalar

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Naxçıvan, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında ali təhsil müəssisəsinin Bələdiyyə və turizm kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru, “Şərq qapısı” qəzetinin əməkdaşı, jurnalist Əli Cabbarovun iki kitabının təqdimat mərasimi keçirilib.
Milli mətbuatın 150 illiyinə həsr olunan “Sözümüz imzamızdır” kitabı və Naxçıvan Dövlət Universitetinin sabiq prorektoru, görkəmli alim, filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimlinin xatirəsinə həsr edilən “Arı” kitabı oxuculara təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyətinin üzvləri, şəhid ailələrinin nümayəndələri, jurnalistlər, ictimaiyyət təmsilçiləri və tələbələr iştirak ediblər.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev müəllifin elmi-pedaqoji və jurnalist fəaliyyətindən, müxtəlif dövrlərdə dövri mətbuatda dərc olunan yazılarından, eləcə də təqdim edilən kitabların mövzu və məzmun xüsusiyyətlərindən danışıb.
Rektor qeyd edib ki, “Sözümüz imzamızdır” kitabında Azərbaycan xalqının müasir tarixinin ən mühüm hadisələrindən olan Qarabağ Zəfərinin siyasi, tarixi və dövlətçilik aspektləri geniş əksini tapıb. Nəşrdə 44 günlük Vətən müharibəsinə aparan tarixi proseslər, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, dövlət-xalq-ordu birliyi və tarixi Qələbənin əhəmiyyəti müəllifin publisistik yanaşması ilə təqdim olunur.
Kitabda, həmçinin Azərbaycan dövlətinin güclənməsi, milli birliyin möhkəmlənməsi, ölkəmizin beynəlxalq mövqelərinin yüksəlməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, tarixi ədalətin bərpası və milli yaddaşın qorunması məsələlərinə diqqət yetirilir.
Diqqətə çatdırılıb ki, Zəngəzurun tarixi Azərbaycan torpağı kimi öyrənilməsi, bölgənin milli-mənəvi irsinin, tarixi keçmişinin və coğrafi əhəmiyyətinin təbliği də müəllifin publisistik yaradıcılığının əsas istiqamətlərindəndir. Bu baxımdan, kitabda Qarabağ və Zəngəzur mövzularının işıqlandırılması Azərbaycanın tarixi yaddaşının qorunması və milli maraqlarının təbliği baxımından əhəmiyyət daşıyır.
Elbrus İsayev Əli Cabbarovun jurnalist fəaliyyətinə də toxunaraq onun müxtəlif vaxtlarda “Şərq qapısı” qəzetində dərc olunan tənqidi-satirik məqalələrinin mövzu aktuallığı, publisistik yanaşması və özünəməxsus üslubu ilə seçildiyini bildirib. Qeyd edib ki, həmin yazılar jurnalistika ixtisası üzrə təhsil alan tələbələr, eləcə də media sahəsində çalışan qələm adamları üçün faydalı təcrübə mənbəyidir.
Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru Rəmzi Tahirli, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov və həmin fakültənin Bələdiyyə və turizm kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Flora Kərimova çıxış edərək müəllifi yeni nəşrlər münasibətilə təbrik ediblər.
Çıxışlarda bildirilib ki, 11 kitabın, 100-ə yaxın elmi məqalənin, eləcə də “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Şərq qapısı” qəzetlərində dərc olunmuş yüzlərlə publisistik və analitik yazının müəllifi olan Əli Cabbarov uzun illərdir Naxçıvan Dövlət Universitetində və muxtar respublikanın mətbuatında səmərəli fəaliyyət göstərir.
Onun elmi-pedaqoji fəaliyyəti iqtisadiyyat və idarəetmə sahəsində apardığı tədqiqatlarla, publisistik yaradıcılığı isə ictimai-sosial və iqtisadi məsələlərin işıqlandırılması ilə səciyyələnir. Vurğulanıb ki, müəllifin çoxşaxəli fəaliyyəti elmi düşüncənin, maarifçilik ənənələrinin və milli mətbuatın inkişafına verdiyi töhfələrlə əhəmiyyət kəsb edir.
Jurnalistika və rəqəmsal media fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Arı” kitabının ön söz müəllifi İman Cəfərov çıxışında Əli Cabbarovun yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən bəhs edib.
O bildirib ki, müəllifin yazılarında elmi təhlil və publisistik yanaşma bir-birini tamamlayır. Bu yazılar yalnız məlumatlandırmaqla kifayətlənmir, eyni zamanda oxucuda müxtəlif məsələlər barədə dolğun təsəvvür formalaşdırır. İqtisadi proseslərə, ictimai-sosial məsələlərə və aktual problemlərə münasibətdə müəllifin tədqiqatçı mövqeyi, mövcud çatışmazlıqlara tənqidi yanaşması aydın şəkildə nəzərə çarpır. Faktların təhlili, məntiqi ümumiləşdirmələr və əsaslandırılmış fikirlər onun yazılarının başlıca xüsusiyyətləridir.
Sonda yeni nəşrlərin müəllifi, dosent Əli Cabbarov tədbirin təşkilinə və kitabların ərsəyə gəlməsinə dəstək göstərənlərə, o cümlədən nəşrlərin sponsoru “Sirab” şirkətinə təşəkkürünü bildirib.
Daha sonra müəllif Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalmış Kükü kəndinin qəhrəman övladları Müşfiq Həsənovun, Novruzəli Quliyevin və Kamran Hüseynovun ailə üzvlərinə, mərhum professor Hüseyn Həşimlinin yaxınlarına, eləcə də digər tədbir iştirakçılarına yeni kitablarını təqdim edib.

Müxbir- Nail Əsgərov

İqtisadiyyat 2026-11-06 23:27:00