


Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
Qazax,6 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Gününə həsr olunan “Səhnədən zəfərə...” adlı səhnə əsəri Qazax Dövlət Dram Teatrında tamaşaçılara təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, tamaşa keçmişlə bu gün arasında mənəvi körpü yaradır, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsini, xalqımızın Zəfərə gedən yolda göstərdiyi fədakarlığı təsirli şəkildə ifadə edir.
Səhnə əsərində tamaşaya hazırlaşan bir rejissorun köhnə sandıqdan tapdığı saat, məktub və torpaq vasitəsilə keçmişə, xatirələrə və qəhrəmanların dünyasına səyahəti təsvir olunur. Bu üç əşya tədricən bir xalqın ağrısını, mübarizəsini, itkilərini və qələbə sevincini özündə birləşdirən mənəvi yaddaş rəmzinə çevrilir.
“Səhnədən zəfərə...” tamaşası Zəfərin yalnız hərbi qələbədən ibarət olmadığını, bu qələbənin arxasında dayanan insan talelərini, qəhrəmanlığı, fədakarlığı və Vətən sevgisini ön plana çıxarır. Səhnə əsəri tamaşaçını həm keçmişi xatırlamağa, həm də Zəfərin mənəvi dəyəri haqqında düşünməyə dəvət edir.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Qazax rayon komitəsinin dəstəyi, Qazax Mədəniyyət Mərkəzi və Qazax Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə nümayiş olunan tamaşanı ictimaiyyət nümayəndələri ilə yanaşı, rayondakı mədəniyyət müəssisələrinin əməkdaşları izləyiblər.
Tamaşanın müəllifi, musiqi tərtibatçısı və quruluşçu rejissoru Ceyhun Vəlizadə, rejissor assistenti Vüsal Hüseynov, quruluşçu rəssamı Aysan Omarovadır. Rolları Minayə İbrahimova, Vüsal Hüseynov, Rüfət Ömər, Aytac Cəfərova, Nəsimi Aşbazov, Ceyhun Vəlizadə, Xəyalə Eminalıyeva, Nazilə Məmmədova, Kamil Məmmədov, Rüfət Eminalıyev və Leyla Aslan canlandırıblar.
Müxbir -Ruslan Novruzoğlu