


Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub
Stokholm, 6 noyabr, АZƏRTAC
Finlandiyanın paytaxtı Helsinkidə “Everyday Life of the Nordic Expatriates in South Caucasus, 1870s–1920s” (“1870–1920-ci illərdə Cənubi Qafqazda Şimali Avropa mühacirlərinin gündəlik həyatı”) adlı sərgi və elmi müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Helsinki Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Finlandiyanın ordenlərinin kansleri, texnika doktoru Jussi Nuorteva, tarixçi, jurnalist və sənədli film müəllifi Toni Viljanmaa, müxtəlif səfirliklərin nümayəndələri, Helsinki Universitetinin alimləri, Azərbaycan diasporunun təmsilçiləri, müxtəlif təşkilatların nümayəndələri, eləcə də digər dəvətli qonaqlar iştirak ediblər.
“Bridge from the Past to the Future: The Nobels’ Archival and Museum Collections in Finland and Azerbaijan” (“Keçmişdən gələcəyə körpü: Nobel ailəsinin Finlandiya və Azərbaycandakı arxiv və muzey kolleksiyaları”) layihəsi çərçivəsində təşkil olunan tədbir Finlandiya və Azərbaycan arasında tarixi, elmi və mədəni əlaqələrin araşdırılmasına, Nobel qardaşlarının Azərbaycan irsinin və Şimali Avropa mühacirlərinin Cənubi Qafqazdakı həyatının tanıdılmasına həsr olunub.
Tədbirin açılışında Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova Finlandiyada Azərbaycan mədəniyyətinin tanıdılması, diaspor fəaliyyətləri və Azərbaycan Evinin həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verib. O, tədbirin iki ölkə arasında tarixi-mədəni əlaqələrin inkişafı və ortaq irsin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
Sonra iştirakçılara Helsinki Azərbaycan Evinin fəaliyyətini əks etdirən qısa videoçarx təqdim olunub.
Daha sonra Helsinki Universitetinin Aleksanteri İnstitutunun tədqiqatçısı Dmitri Frolov sərginin elmi məzmununu təqdim edərək XIX əsrin sonu – XX əsrin əvvəllərində Cənubi Qafqazda fəaliyyət göstərən Şimali Avropa mühacirlərinin həyatından, onların sənaye, iqtisadiyyat və sosial sahələrdəki rolundan bəhs edib. 2026-cı ildə Finlandiya və İsveçdən olan mühacirlərin Nobel qardaşlarının fəaliyyəti ilə əlaqədar Azərbaycana gəlişinin 150 illiyinin qeyd olunması xüsusi diqqətə çatdırılıb.
D.Frolov XIX əsrin ikinci yarısında sənaye inqilabının təsiri, Bakı neft sənayesinin beynəlxalq əhəmiyyət qazanması və xarici şirkətlərin regionda fəaliyyətinin genişlənməsi haqqında məlumat verib. O, Nobel qardaşlarının rəhbərlik etdiyi “Branobel” şirkətinin fəaliyyətinə, işçiləri və ailələri üçün yaradılan yaşayış şəraitinə, sosial təminat sisteminə və “ədalətli kapitalizm” yanaşmasına toxunub. Qeyd edib ki, Villa Petroleia və “Na gore” yaşayış məkanları, şirkət tərəfindən təmin edilən tibbi xidmət, mağazalar, məktəblər və digər sosial imkanlar sərginin mühüm mövzuları sırasında yer alıb. Sərgidə Nobel qardaşları və Siemens kimi şirkətlərin fəaliyyəti, Bakı və Tbilisidə Şimali Avropa mühacirlərinin gündəlik həyatı, təhsil, səhiyyə və sosial münasibətlər, eləcə də Nobel irsi ilə bağlı arxiv materialları və fotoşəkillər nümayiş etdirilib. Azərbaycan, Gürcüstan, Finlandiya, İsveç və Almaniya arxivlərindən əldə edilmiş materiallar bu tarixi dövrün daha geniş və çoxşaxəli şəkildə araşdırılmasına imkan yaradıb.
Sonra Azərbaycan Milli Tarix Muzeyinin Elmi ekspozisiya və sərgi təşkilatı şöbəsinin müdiri Emin Dadaşov “Azərbaycan Milli Tarix Muzeyinin fotokolleksiyası” mövzusunda çıxış edib. O, muzeyin tarixindən, Hacı Zeynalabdin Tağıyevin keçmiş yaşayış binasında yerləşən muzeyin kolleksiyalarından və fotomaterialların tarixi araşdırmalardakı əhəmiyyətindən danışıb. Muzeyin Sənəd Mənbələri Fondunda 15 mindən çox fotoşəkilin saxlanıldığı qeyd olunub.
Çıxışda Aleksandr Ulskinin XIX əsrin 1860-cı illərinə aid Bakı fotoşəkilləri, Aleksandr Mişonun Bakı və neft mədənlərini əks etdirən fotoalbomları, Nobel şirkəti və Villa Petroleia ilə bağlı görüntülər, Dmitri Yermakovun etnoqrafik fotoşəkilləri, Şamaxı zəlzələsi və Muğan düzünə dair fotomateriallar haqqında məlumat verilib.
Emin Dadaşov fotoşəkillərin yazılı tarixi mənbələrlə birlikdə araşdırılmasının yeni faktların üzə çıxarılmasına imkan verdiyini vurğulayaraq Azərbaycan və Şimali Avropa arxivləri, muzeyləri arasında əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edib.
Tədbirdə Nobel ailəsinin mədəni irsi, onların incəsənətə və mədəniyyətə verdiyi töhfələr, eləcə də məşhur Fabergé yumurtaları haqqında Olga Korkka təqdimatla çıxış edib. Bu mövzu Nobel ailəsinin yalnız sənaye və iqtisadi fəaliyyətinin deyil, həm də mədəni həyatının və tarixi irsinin öyrənilməsinə diqqət çəkib.
Finlandiyanın Azərbaycan, Gürcüstan və Ermənistan üzrə səyyar səfiri Kirsti Narinen çıxışında Finlandiya mühacirət tarixinin araşdırılmasının əhəmiyyətini vurğulayıb. O, Dmitri Frolovun və layihə çərçivəsində çalışan tədqiqatçıların elmi fəaliyyətini, həmçinin sərginin təşkilini yüksək qiymətləndirib. K.Narinen bu cür təşəbbüslərin Finlandiya və Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə, iki ölkə arasında tarixi və mədəni əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib. O, Azərbaycan tərəfinin gələcəkdə arxiv tədqiqatlarının davam etdirilməsinə dəstək göstərəcəyinə ümid etdiyini bildirib.
Finlandiya Xarici İşlər Nazirliyinin bu istiqamətdə indiyədək dəstək verdiyini və gələcəkdə də dəstəyini davam etdirəcəyini vurğulayan K.Narinen tarixi əlaqələrin araşdırılması və bu sahədə təşəbbüslərin dəstəklənməsinin Finlandiya diplomatik nümayəndəliyinin mühüm fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib.
Helsinki Universitetinin professoru Markku Kangaspuro çıxışında sərginin elmi və tarixi əhəmiyyətini yüksək qiymətləndirib. O, Finlandiyalı mühacirlərin Cənubi Qafqazdakı həyatının araşdırılmasının yalnız Finlandiya tarixinin deyil, həm də Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə imkan yaratdığını bildirib. Professor bu mövzunun Finlandiyada hələ də geniş tanınmadığını qeyd edərək sərginin daha geniş auditoriyaya təqdim edilməsinin vacibliyini vurğulayıb. O, gələcəkdə layihənin davam etdirilməsi və sərginin digər məkanlarda nümayiş olunmasına ümid etdiyini bildirib.
Layihə Finlandiya və Azərbaycandakı arxiv və muzey kolleksiyalarını bir araya gətirərək keçmişlə gələcək arasında elmi və mədəni körpü qurmaq məqsədinə xidmət edir.