


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb
Bakı, 6 noyabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə Romada, Prezidentin rəsmi iqamətgahı olan Kvirinal sarayında (Quirinale Palace) görüş keçirib.
AZƏRTAC-ın məlumatına görə, yüksəksəviyyəli görüş zamanı müasir beynəlxalq münasibətlər sistemində mövcud çağırışlar, Avropanın təhlükəsizliyi, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, beynəlxalq hüququn qorunması, eləcə də qlobal sülh və sabitliyin təmin olunması məsələləri diqqət mərkəzində olub.
Görüşdə İtaliya Prezidenti Sercio Mattarella çıxış edib. Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Səragəldin və Mərkəzin üzvü, Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç çıxış edərək beynəlxalq əməkdaşlığın gələcək perspektivləri və mövcud geosiyasi çağırışlarla bağlı fikirlərini bölüşüblər.
Çıxışı zamanı İsmail Səragəldin İtaliyanın Avropa tarixində, hüquq, elm və mədəniyyətin inkişafında, eləcə də Avropa inteqrasiyasının formalaşmasında oynadığı mühüm rolu vurğulayıb. Mərkəzin həmsədri bildirib: “Gəlin birlikdə sülhü qoruyan institutları gücləndirək, gücün tətbiqini məhdudlaşdıran hüquq normalarını müdafiə edək və əməkdaşlığı mümkün edən etimadı möhkəmləndirək. Birgə səylərimiz insan ləyaqətinin tərəqqinin əsas meyarı olaraq qalmasına xidmət etsin”.
Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç çıxışında İtaliya Prezidenti ilə uzunillik əməkdaşlığını xatırladaraq, onun Avropa birliyinin, beynəlxalq hüququn və diplomatik dialoqun qorunmasındakı rolunu yüksək qiymətləndirib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə İtaliya arasında formalaşmış münasibətlərə toxunaraq, Prezident Sercio Mattarellanın 2016 və 2019-cu illərdə Mərkəzin nümayəndə heyətlərini qəbul etdiyini xatırladıb.
Görüş çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq dialoq platforması kimi rolu, Avropanın gələcək təhlükəsizlik arxitekturası, qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığın əhəmiyyəti və İtaliya ilə mövcud əlaqələrin daha da gücləndirilməsi məsələləri ön plana çıxıb.