×
A
A
A
Sazlamalar

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə filialda Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş "Bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin..." mövzusunda bədii tədbir keçirilib.
Filialdan AZƏRTAC-a bildirilib ki, Filologiya kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən dosent Gülşən Ağabəyin koordinatorluğu ilə ərsəyə gələn tədbirdə əvvəlcə S.Vurğuna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev dahi şairin zəngin yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolun və milli-mənəvi dəyərlərimizin təbliğindəki müstəsna xidmətlərindən bəhs edib.
Çıxış edən Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba bölməsinin rəhbəri Ramiz Ramazanlı bölgədə keçirilən bu cür mədəni-kütləvi tədbirlərin böyük önəm kəsb etdiyini diqqətə çatdırıb.
Sonra filialın tələbəsi Sevil Rəcəbova Səməd Vurğunun məşhur "Azərbaycan" şeirini səsləndirib.
Ziyalılardan yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Aşıqlar Birliyinin üzvü, dosent Məti Osmanoğlu, AYB Quba bölməsinin sədri tanınmış şair Ramiz Qusarçaylı və professor İsmayıl Kazımov çıxış ediblər.
Tədbirin davamında tələbələr Aysun Əliyeva "Yandırılan kitablar", Məqsəd Əskərov "Dağlar" şeirlərini ifa ediblər. Tədbirdə Seyfulla Ağayevin ifa etdiyi "Yadıma düşdü" şeiri filialın tələbəsi Kamilə Ağayevanın rəqsi ilə müşayiət olunub. Həmçinin Quba Mədəniyyət İdarəsinin əməkdaşları tərəfindən "Qacarla Vaqifin qarşılaşması" səhnəciyi təqdim edilib.
Filologiya kafedrasının baş müəllimi Eyvaz Şeydayev çıxış edərək şairin ədəbi irsinin gənclər tərəfindən öyrənilməsinin vacibliyini qeyd edib, Aytəkin Əliyeva "Dağlar" əsərini aşıqvari üslubda ifa edib. Filialın tələbələri Səməd Vurğunun "Fərhad və Şirin" pyesindən səhnəcik təqdim etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin Xalq şairi Səməd Vurğunla bağlı xatirələrini bölüşdüyü videoçarx nümayiş olunub. Tələbələrdən Leyla Hüseynova "Acı xatirələr", Aynur Əliverdiyeva "Düşüncələr" şeirlərini səsləndirib, rəssam Əziz Əsgərovun təqdimatında "Xalq şairi Səməd Vurğun" adlı portreti təqdim edilib.

Elm və təhsil 2026-11-06 20:51:00