


“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib
Bakı, 6 noyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk matçında “Qarabağ” doğma meydanda “Turan Tovuz”u qəbul edib. “Azərsun Arena”da təşkil olunan görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 80-ci dəqiqədə “Turan Tovuz”un müdafiəçisi Roderik Miller vurub. Bu nəticədən sonra “Turan Tovuz” 21 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Qarabağ” isə 19 xalla dördüncü sırada qərarlaşıb.
Xatırladaq ki, Vətən müharibəsində qazanılan şanlı Qələbənin 6-cı ildönümü ilə əlaqədar Azərbaycan Premyer Liqasının bu turu “Zəfər turu” elan olunub. Qərara əsasən, noyabrın 6-8-də keçiriləcək bütün oyunlardan əvvəl Azərbaycanın Dövlət Himni səsləndiriləcək.
Qeyd edək ki, turun bu gün keçiriləcək digər qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Kəpəz”lə üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.