


Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır
Praqa, 6 noyabr, AZƏRTAC
Avropa Komissiyasının qiymətləndirməsinə görə, Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələrin sırasına daxildir. AZƏRTAC xəbər verir ki, Ukraynadan çoxsaylı hərbi qaçqını qəbul etmiş Çexiya Komissiyanın fikrincə, əhəmiyyətli miqrasiya vəziyyəti ilə üzləşən ölkələr kateqoriyasına düşür və həmrəylik mexanizmindən tam və ya qismən azad edilməsini xahiş edə bilər.
Bu barədə Komissiya miqrasiya üzrə ikinci illik hesabatında bildirib. Bu il Komissiya ilk dəfə Çexiyanı miqrasiya təzyiqi riski altında olan, Avropa İttifaqının (Aİ) miqrasiyanın idarə olunmasına dəstək alətlərinə prioritet çıxışı olacaq ölkələrə də daxil edib. Həmrəylik mexanizmi miqrasiya və sığınacaq paktının tərkib hissəsidir və qeyri-mütənasib miqrasiya yükü ilə üzləşən dövlətlərə kömək məqsədi daşıyır. Digər ölkələr sığınacaq axtaranların bir hissəsini qəbul etməklə, maliyyə yardımı göstərməklə və ya başqa tədbirlərlə dəstək verə bilər. Miqrasiya təzyiqi altında olan ölkələrin siyahısına Çexiya ilə yanaşı, daha 14 Aİ üzvü dövlət daxildir.