×
A
A
A
Sazlamalar

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Bakı, 6 noyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Nazirliyin Aparat rəhbəri Azad Cəfərli noyabrın 6-da Ağdərə rayonunun Talış kəndində bu rayondan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərdə əkin və örüş sahələrinin ayrılması, subsidiyaların verilməsi, suvarma suyu ilə təminat, sertifikatlı toxum və kənd təsərrüfatı texnikası ilə təminat və digər məsələlərlə bağlı olub. Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbuldan sonra Azad Cəfərli Ağdərə rayonunun Çaylı kəndində fəaliyyət göstərən “Frutti Agro” MMC-yə və Suqovuşan kəndində yerləşən “Whitefin Farm” balıqçılıq təsərrüfatına baş çəkib. Baxış zamanı müəssisələrin fəaliyyəti, istehsal imkanları və mövcud vəziyyəti, təsərrüfatlarda görülən işlərlə tanış olub. Görüşlərdə aqrar istehsalın inkişafı, müasir texnologiyaların tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması, eləcə də müəssisələrin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr ətrafında fkir mübadiləsi aparılıb.
Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri, aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, toxumçuluq potensialının inkişaf etdirilməsi baytarlıq və fitosanitar xidmətlər sisteminin gücləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verilib.

Regionlar 2026-11-06 20:40:00