×
A
A
A
Sazlamalar

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Praqa, 6 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyi tərəfindən Praqa şəhərində təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə diaspora təşkilatlarının fəalları, Çexiyada ali təhsil alan Azərbaycan tələbələri və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Səfirliyin müşaviri Emin Məmmədov Azərbaycan xalqının milli qürur tarixi olan 8 Noyabr - Zəfər Gününün müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, altı il əvvəl Azərbaycanın torpaqlarını işğaldan azad etməklə təkcə öz ərazi bütövlüyünü deyil, həmçinin tarixi ədaləti bərpa etdiyini, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirdiyini qeyd edib.
Dövlət başçısının apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər görüldüyü nəzərə çatdırılıb. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycanın güc topladığı, ölkənin iqtisadi cəhətdən yüksəlişinin ordu quruculuğunda da dönüşə səbəb olduğu, Azərbaycan Ordusunun müasir kadrlar, silah və hərbi texnika ilə gücləndirildiyi, ölkəmizin müdafiə sənayesinin inkişaf etdirildiyi və ordunun tələbatının böyük hissəsinin daxili istehsal hesabına təmin olunduğu qeyd edilib. Əvvəlcədən düşünülmüş bütün bu proseslərin nəticəsi kimi qazanılmış şanlı Qələbənin Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyduğu, hazırda regionumuzda yeni reallıqların yarandığı, sülh və sabitliyin möhkəmləndirilməsi, bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün əlverişli zəminin yarandığı bildirilib. Müasir standartlarla bərpa və yenidənqurma işləri və nəhəng infrastruktur layihələrinin icra olunduğu, Qarabağa həyat və tarixi sakinlərinin qayıtdığı və bütün bunların vaxtilə doğma torpaqlarından didərgin düşmüş həmvətənlərimizə dövlətimizin göstərdiyi qayğının bariz nümunəsi olduğu vurğulanıb.
Sonra Praqada Azərbaycan Mədəniyyət Evinin layihə rəhbəri, “Natəvan” Cəmiyyətinin sədri şair Leyla Beyim çıxış edib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibədə nail olduğumuz Zəfərin hər Azərbaycanlı üçün olduqca əhəmiyyətli və qürur doğuran hadisə olduğunu qeyd edib.
Çexiyada yaşayan həmyerlimiz, istedadlı skripkaçı Canel Nəcəfl və çex musiqiçilərindən ibarət kvartetin məharətlə ifa etdiyi, “Koroğlu Uvertürası”, “Sevgi Valsı”, “Arazbari”, “Aşıqsayağı” və Müslüm Maqomayevin “Azərbaycan” əsərləri qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbir zamanı qonaqlara milli mətbəximizin ləziz nümunələri təqdim olunub.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Siyasət 2026-11-06 20:27:00