


Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH
Bakı, 6 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna yeri olan, milli yaddaşımıza əbədi həkk edilən möhtəşəm Qələbənin təntənəsidir. Bu tarix xalqımızın illərlə qəlbində yaşatdığı azadlıq arzusunun gerçəkləşdiyi, tarixi ədalətin bərpa olunduğu, milli qürurumuzun və dövlətçilik iradəmizin bütün dünyaya nümayiş etdirildiyi gündür. Zəfər Günü, eyni zamanda, Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin, Ordumuzun qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin təcəssümüdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O qeyd edib ki, otuz ilə yaxın müddətdə torpaqlarımızın işğal altında qalması Azərbaycan xalqının yaddaşında ağır və ağrılı bir dövr kimi qalıb. Lakin Azərbaycan heç zaman işğalla barışmadı, öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsindən geri çəkilmədi.
Həmin dövrdə beynəlxalq hüququn prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət məsələləri də ciddi sınaq qarşısında qalmışdı. Təəssüf ki, beynəlxalq münasibətlər sistemində ikili standartlar, selektiv yanaşmalar və beynəlxalq hüququn norma və prinsiplərinin ayrı-ayrı hallarda fərqli tətbiqi münaqişənin həllini uzatdı. Azərbaycanın səbirlə apardığı diplomatik mübarizə, beynəlxalq təşkilatların qərarlarına və hüquqi mexanizmlərə bəslədiyi ümidlər nəticəsiz qaldıqda ölkəmiz öz suveren hüquqlarını həyata keçirmək məcburiyyətində oldu.
Deputat qeyd edib ki, bu tarixi nəticənin əldə olunması təsadüfi deyildi. 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq, yüksək peşəkarlıq və müasir hərb sənətinə uyğun döyüş bacarığı nümayiş etdirdi. Müharibənin ilk günlərindən etibarən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti və strateji uzaqgörənliyi Qələbənin əsas şərtlərindən biri oldu. Dövlətimizin başçısı hərbi əməliyyatların ümumi strateji istiqamətini müəyyənləşdirməklə yanaşı, beynəlxalq informasiya məkanında da Azərbaycanın haqq səsini qətiyyətlə müdafiə etdi. Xarici media nümayəndələrinə verdiyi müsahibələr, prinsipial mövqeyi və tutarlı arqumentləri ilə Ermənistanın işğalçılıq siyasətini ifşa etdi, Azərbaycanın haqlı mübarizəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdırdı. Bu möhtəşəm mübarizənin zirvəsi isə 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi oldu.
“Şuşa əməliyyatı dünya hərb tarixinə düşəcək qəhrəmanlıq nümunəsidir. Mürəkkəb relyef, sıldırım qayalar, çətin hava şəraiti və düşmənin güclü müdafiəsinə baxmayaraq, Azərbaycan xüsusi təyinatlıları misilsiz cəsarət və peşəkarlıq nümayiş etdirdilər. Onların dağlardan, qayalıqlardan keçərək şəhərə daxil olması, əlbəyaxa döyüşlərdə düşmənin müqavimətini qırması Azərbaycan əsgərinin iradəsinin və döyüş ruhunun hansı səviyyədə olduğunu göstərdi. Noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın azad edilməsi xəbərini xalqa çatdırması Azərbaycanın müasir tarixinin ən unudulmaz anlarından birinə çevrildi. Həmin müraciət xalqımızın otuzillik həsrətinin sona çatmasının, milli qürurumuzun özünə qaytarılmasının müjdəsi idi”, - deyə deputat əlavə edib.