×
A
A
A
Sazlamalar

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

Bakı, 6 noyabr, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına və doğma yurdlarına qayıdan əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir. Böyük Qayıdış çərçivəsində şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması və sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına və regionda iqtisadi fəallığın gücləndirilməsinə töhfə verir.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri, həyata keçirilən layihələrin icra vəziyyəti ilə yerində tanış olması Böyük Qayıdış prosesinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirir. Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Səfər çərçivəsində Cəbrayıl rayonunun Soltanlı kəndi və “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsi, həmçinin Zəngilan rayonunun Cahangirbəyli kəndi və Zəngilan Şəhər Təhsil Kompleksi ilə bağlı açılış tədbirləri keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Yusif Məmmədov AZƏRTAC-a bildirib ki, Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərində birinci mərhələ üzrə yaşayış evlərinin istifadəyə verilməsi Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası baxımından əhəmiyyət daşıyır. Yaşayış evlərinin və zəruri infrastrukturun yaradılması sakinlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışına, onların müasir yaşayış şəraiti ilə təmin olunmasına və kəndlərdə məskunlaşmanın formalaşmasına xidmət edir.
Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin istifadəyə verilməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qida sənayesinin inkişafı, istehsal potensialının genişləndirilməsi və yeni məşğulluq imkanlarının yaradılması baxımından əhəmiyyət daşıyır. Müəssisədə 300 nəfərin daimi işlə təmin edilməsi doğma torpaqlarına qayıdan əhalinin məşğulluq imkanlarının artırılması baxımından vacibdir. Bununla yanaşı, istehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici bazarlara çıxarılmasının nəzərdə tutulması ölkənin ixrac potensialının genişləndirilməsinə töhfə verə bilər. Müəssisənin fəaliyyəti məhsulların qablaşdırılması, saxlanması, daşınması və satışını əhatə edən əlaqəli xidmət sahələrinin inkişafı, eləcə də yerli sahibkarların istehsal-təchizat zəncirində iştirak imkanlarının genişlənməsi üçün əlavə potensial yaradır.
O vurğulayıb ki, Zəngilan Şəhər Təhsil Kompleksinin istifadəyə verilməsi regionda sosial infrastrukturun inkişafı və keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımdır. Müasir təhsil infrastrukturunun formalaşdırılması doğma yurdlarına qayıdan ailələrin daimi məskunlaşmasının təmin edilməsində xüsusi rol oynayır. Kompleksin fəaliyyətə başlaması şagirdlərin təhsillərini yaşadıqları ərazidə davam etdirməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə, uzunmüddətli çərçivədə isə regionun insan kapitalının gücləndirilməsinə töhfə verəcək.
Yusif Məmmədov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası və müasir infrastrukturun qurulması ilə yanaşı, özəl investisiyaların təşviqi, yeni iş yerlərinin yaradılması və sosial xidmətlərə çıxışın təmin edilməsi paralel şəkildə həyata keçirilir. Bu tədbirlər Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılmasına, əhalinin məşğulluğunun və rifahının yüksəldilməsinə, eləcə də doğma yurdlarına qayıdan ailələrin dayanıqlı məskunlaşmasına xidmət edir.

İqtisadiyyat 2026-11-06 19:20:00