


Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Azər Əmiraslanov gündəliyə üç məsələnin daxil edildiyini bildirib. Komitə sədri dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri barədə danışıb. Deyib ki, büdcə zərfi iqtisadiyyatın inkişafını və iqtisadi fəallığın artırılmasını təmin edən mexanizmləri, stimullaşdırıcı tədbirləri, habelə vergi güzəştlərini özündə ehtiva edir.
Maliyyə Nazirliyi Aparat rəhbərinin müavini Asif Qasımov gündəliyin birinci məsələsi - Mülki Prosessual Məcəllədə, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.
Qeyd edilib ki, qanun layihəsində edilən dəyişikliklər dövlət rüsumlarının tətbiqi ilə bağlı qanunvericilikdə mövcud olan pərakəndəliyin aradan qaldırılması, hüquqi normaların vahid yanaşma əsasında tənzimlənməsi və hüquq tətbiqi praktikasında yaranan çətinliklərin aradan qaldırılmasını nəzərdə tutur. Bu məqsədlə dövlət rüsumundan azadolma və güzəştlərlə bağlı müddəaların vahid qanunda cəmləşdirilməsi, digər normativ hüquqi aktlarda təkrarlanan və ya fərqli yanaşmalara səbəb olan normaların uyğunlaşdırılması təklif edilir. Eyni zamanda, artıq və ya düzgün tutulmamış dövlət rüsumlarının elektron informasiya sistemi vasitəsilə geri qaytarılması mexanizminin qanunvericiliklə tənzimlənməsi, habelə baytarlıq sahəsində göstərilən xidmətlər üzrə dövlət rüsumlarının tətbiqinə yenidən baxılması nəzərdə tutulur.
Sonra Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli gündəliyin növbəti məsələsi – Meşə, Cinayət, Vergi, İnzibati Xətalar məcəllələrində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.
O, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi və fiskal dayanıqlılığın təmin edilməsinə yönəldiyini bildirib. Qeyd olunub ki, dəyişikliklər sahibkarlarla aparılan müzakirələr və onların təklifləri nəzərə alınmaqla hazırlanıb. Yeni yanaşmaların sahibkarların maliyyə və inzibati yükünün azaldılmasına, vergi nəzarətinin gücləndirilməsinə və iqtisadi fəallığın artırılmasına xidmət edəcəyi vurğulanıb.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov qanun layihəsinin slaydlarla müşayiət olunan təqdimatında 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində vergi qanunvericiliyinə təklif olunan dəyişikliklərin əsas istiqamətləri, müxtəlif iqtisadi sahələr üzrə vergi güzəştləri, sahibkarlığın və investisiyaların təşviqi, vergitutma bazasının genişləndirilməsi, vergi nəzarətinin gücləndirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə ətraflı məlumat verib.
Hesablama Palatasının Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova və Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisi Faiq Orucov da qanun layihəsinin aidiyyəti istiqamətləri üzrə çıxış ediblər.
Gündəliyin sonuncu məsələsi - Əmək, Mülki Prosessual, Ailə, Mülki, Seçki, Rəqabət məcəllələrində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) haqqında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev məlumat verib. O, qanun layihəsində əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə dəyişikliklərin nəzərdə tutulduğunu söyləyib.
İclasda komitənin sədri Azər Əmiraslanov, komitənin sədr müavini Azər Badamov, üzvləri Ziyad Səmədzadə, Əli Məsimli, Tahir Mirkişili, Aydın Hüseynov, Vüqar Bayramov, Əlibala Məhərrəmzadə çıxış edərək təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, qeydlərini və suallarını səsləndiriblər.
Maliyyə Nazirliyi Aparat rəhbərinin müavini Asif Qasımov, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov qaldırılan məsələlərə aydınlıq gətiriblər.
İclasda qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.