


Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar
Bakı, 6 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndə heyəti noyabrın 4-6-da Koreyada keçirilən “2026 K-Geo Festa” tədbirində iştirak ediblər.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun bu kimi beynəlxalq platformalarda təmsil olunması ölkəmizin geoməkan infrastrukturu üzrə qlobal təşəbbüslərə inteqrasiyasını gücləndirir və davamlı inkişaf məqsədlərinə töhfə verir.
Nümayəndə heyəti Koreyada daşınmaz əmlakın kadastrı sahəsində aparılan rəqəmsallaşdırma işləri, xəritəçəkmə, geodeziya, milli məkan məlumatları, daşınmaz əmlakın qiymətləndirilməsi və bu sahələrdə istifadə olunan süni intellekt həlləri ilə tanış olublar.
Dövlət Xidmətinin əməkdaşları ölkəmizdə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat veriblər.
Səfər çərçivəsində aparılan müzakirələr və təcrübə mübadiləsi iki ölkə arasında geoməkan məlumatlarının idarə olunması və kadastr sahəsində gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə zəmin yaradır.