


Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur
Bakı, 6 noyabr, AZƏRTAC
Son dövrlərdə dövlət və özəl qurumların informasiya sistemlərində baş verən təhlükəsizlik insidentləri nəticəsində böyük həcmdə fərdi məlumatların sızması halları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Agentliyin araşdırmalarına görə, belə halların əsas səbəbləri sırasında informasiya sistemlərində mühafizə tədbirlərinin yetərli səviyyədə tətbiq edilməməsi, proqram təminatının vaxtında yenilənməməsi, sistemlərə giriş və məlumatlara çıxış səlahiyyətlərinin düzgün idarə olunmaması yer alır.
Həmçinin üçüncü tərəf xidmət təminatçıları ilə münasibətlərdə təhlükəsizlik öhdəliklərinin dəqiq müəyyən edilməməsi, onların icrasına nəzarətin zəifliyi və potensial risklərin vaxtında aşkarlanaraq aradan qaldırılmaması məlumat sızması ehtimalını artırır.
Bununla əlaqədar MKA fərdi məlumatların mülkiyyətçilərini və operatorlarını mövcud təşkilati və texniki mühafizə tədbirlərinin effektivliyini qiymətləndirməyə, aşkar edilmiş risklərə uyğun olaraq təhlükəsizlik mexanizmlərini gücləndirməyə çağırıb.
Agentlik xatırladıb ki, fərdi məlumatların toplanılması və işlənilməsi onların mühafizəsini təmin etmək öhdəliyi yaradır. Bu prosesin üçüncü tərəflərə həvalə edilməsi məlumatların mühafizəsinə görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti aradan qaldırmır. Öhdəliklərin pozulması qanunvericilikdə nəzərdə tutulan hallarda inzibati məsuliyyətə səbəb ola bilər.
MKA fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti davam etdirdiyini və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün zəruri tədbirlər gördüyünü bildirib.