×
A
A
A
Sazlamalar

Çin Beynəlxalq İdxal Sərgisində “Made in Azerbaijan” məhsulları nümayiş olunur

Bakı, 6 noyabr, AZƏRTAC

Şanxay şəhərində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə 9-cu Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – “CIIE 2026”) keçirilir. Azərbaycan sərgidə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə vahid ölkə və kommersiya stendləri ilə təmsil olunur.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkə stendində Azərbaycanın iqtisadi inkişafı, turizm imkanları, biznes və investisiya mühiti barədə məlumat verilir, potensial investisiya layihələri və tematik videoçarxlar təqdim edilir. Həmçinin Azərbaycan mədəniyyətini tanıtmaq məqsədilə qeyri-maddi mədəni irs nümunələrimiz, o cümlədən milli geyimlərimiz, mətbəximiz nümayiş olunur.
“Made in Azerbaijan” stendində isə Azərbaycanın 12 şirkətinin və “İstisu” mineral su zavodunun məhsulları təqdim olunur. Stenddə şərablar və digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, eləcə də digər ərzaq məhsulları nümayiş olunur. Həmçinin stenddə yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələrin keçirilməsi üçün şərait yaradılıb.
Sərgi noyabrın 10-dək davam edəcək.

İqtisadiyyat 2026-11-06 16:49:00