×
A
A
A
Sazlamalar

Azərbaycan nümayəndə heyəti SPECA həftəsində iştirak edib

Bakı, 6 noyabr, AZƏRTAC

Bişkek şəhərində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə Xüsusi Proqramı (SPECA) çərçivəsində “SPECA regionunda dayanıqlı inkişaf naminə qarşılıqlı əlaqəliliyin gücləndirilməsi” mövzusunda İqtisadi Forum, SPECA Rəhbərlər Şurasının 21-ci sessiyası və SPECA Fondunun Rəhbər Komitəsinin 4-cü iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.
SPECA iştirakçı dövlətlərinin, beynəlxalq təşkilatların və inkişaf institutlarının nümayəndələrinin qatıldığı forumda yüksəksəviyyəli siyasi dialoq təşkil olunub. Regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, dayanıqlı inkişaf, nəqliyyat, ticarət və rəqəmsal bağlantıların gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
Forumda çıxış edən Rövnəq Abdullayev SPECA çərçivəsində regional iqtisadi əməkdaşlığın genişləndirilməsinin, nəqliyyat-tranzit əlaqələrinin gücləndirilməsinin və ticarət imkanlarının artırılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin regionda qarşılıqlı bağlantıların inkişafına və dayanıqlı iqtisadi artıma töhfə verdiyini qeyd edib.
Müzakirələrdə multimodal nəqliyyat dəhlizlərinin inkişafı, logistika infrastrukturunun təkmilləşdirilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, gömrük sistemlərinin modernləşdirilməsi və elektron ticarətin genişləndirilməsi məsələlərinə diqqət yetirilib. Trans-Xəzər nəqliyyat dəhlizi üzrə məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması da əsas mövzular sırasında olub.
Forumda kiçik və orta biznesin regional əlavə dəyər zəncirlərinə inteqrasiyası, innovasiyaların təşviqi, qadın sahibkarlığının dəstəklənməsi və inklüziv iqtisadi inkişaf məsələləri nəzərdən keçirilib. Dayanıqlı infrastruktur layihələrinin maliyyələşdirilməsi, dövlət-özəl tərəfdaşlığı mexanizmləri, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq və regional investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
SPECA Rəhbərlər Şurasının 21-ci sessiyasında çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev regional əməkdaşlığın konkret layihələr əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Nəqliyyat və ticarət prosedurlarının rəqəmsallaşdırılması, tranzit potensialından səmərəli istifadə və investisiya tərəfdaşlıqlarının genişləndirilməsinin SPECA ölkələri arasında iqtisadi əlaqələrin güclənməsinə xidmət etdiyini qeyd edib. Sessiya çərçivəsində regional əməkdaşlığın gücləndirilməsi, nəqliyyat, ticarət, rəqəmsal və enerji əlaqələrinin inkişafına yönələn təşəbbüslər diqqət mərkəzində olub.
SPECA Fondunun Rəhbər Komitəsinin 4-cü iclasında isə SPECA Çoxtərəfli Etimad Fondunun regional layihələrin maliyyələşdirilməsində rolu, investisiya imkanlarının dəyərləndirilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, SPECA 1998-ci ildə yaradılıb. Proqram iştirakçı ölkələr arasında iqtisadi əməkdaşlığın və regional inteqrasiyanın gücləndirilməsini, dayanıqlı inkişafın təşviqini hədəfləyir.

İqtisadiyyat 2026-11-06 16:36:00