


Gömrük Komitəsində Zəfər Günü qeyd edilib
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Dövlət Gömrük Komitəsində (DGK) 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.
Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın müdafiəsi zamanı canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, işğal altındakı ərazilərimizin azad olunması, ordu quruculuğu, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində həyata keçirdiyi düşünülmüş siyasət şanlı Zəfərimizin əldə olunmasında mühüm rol oynayıb.
Ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, yüksək sərkərdəlik qabiliyyəti, o cümlədən Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 gün ərzində qazandığımız şanlı Zəfər, 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları nəticəsində suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpa olunması regionda yeni reallıqlar yaradıb.
Tarixi ədaləti bərpa edən Azərbaycan bu gün regional sülhün və inkişafın təmin olunmasında mühüm rol oynayır və işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, beynəlxalq əhəmiyyətli kommunikasiya xətlərinin bərpası bunun bariz nümunəsidir.
O da qeyd olunub ki, torpaqlarımızın müdafiəsi zamanı canından keçən şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlıqları hər zaman xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillər üçün nümunə olacaq.
Tədbir çərçivəsində Vətən müharibəsində iştirak edən gömrük əməkdaşları xatirələrini bölüşüblər.
Həmçinin Vətən müharibəsindən, tarixi zəfərimizdən bəhs edən videoçarxlar da nümayiş etdirilib.