


Aykut Bülbül: Şəhərsalma layihələri şəhərin ümumi inkişaf strategiyasına uyğun həyata keçirilməlidir
Bakı, 5 noyabr, AZƏRTAC
Şəhərsalma layihələrinin uğurlu və dayanıqlı olması üçün onların şəhərin ümumi inkişaf strategiyası və infrastruktur planları ilə uzlaşdırılması vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu “PMD Group” şirkətinin baş inkişaf direktoru Aykut Bülbül “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində “Şəhərlərin planlaşdırılması – Xəzərdən Mərkəzi Asiyayadək” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, şirkətin yaşayış, ticarət, ofis və hotelçilik sahələrini əhatə edən geniş layihə portfeli var. Bu layihələrin kommersiya ehtiyacları, istifadəçi auditoriyası və biznes modelləri fərqli olsa da, onları birləşdirən əsas məqam yerləşdikləri ərazinin ümumi inkişafına töhfə vermələridir.
Aykut Bülbül qeyd edib ki, hər hansı layihənin planlaşdırılmasına başlamazdan əvvəl ərazinin mövcud vəziyyəti, ətraf mühit və şəhərin gələcək inkişaf perspektivləri ətraflı öyrənilməlidir. Bu baxımdan, baş planlar layihələrin uğurlu həyata keçirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, əsas məqsəd yeni tikinti layihələrinin şəhərdən təcrid olunmuş şəkildə deyil, onun ayrılmaz hissəsi kimi inkişaf etdirilməsidir.
Şirkət rəhbəri bildirib ki, layihələrin icrasına başlanarkən Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə sıx və davamlı əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində konkret ərazilərlə bağlı şəhərsalma tələbləri, gələcək inkişaf planları, nəqliyyat infrastrukturunda nəzərdə tutulan dəyişikliklər və ətraf ərazilərdə reallaşdırılması planlaşdırılan layihələr öyrənilir.
O, həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və "Bakı Metropoliteni" QSC ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, şirkətin bir sıra layihələri metro stansiyalarının və əsas nəqliyyat magistrallarının yaxınlığında yerləşdiyindən şəhərin nəqliyyat inkişafı ilə bağlı planların nəzərə alınması xüsusi əhəmiyyət daşıyır.
A.Bülbülün sözlərinə görə, hazırda Bakının müxtəlif ərazilərində Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə üç fərqli baş plan üzərində iş aparılır. Şirkət öz layihələrini şəhərin ümumi inkişaf strategiyasına uyğunlaşdırmaq məqsədilə müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığı davam etdirir.
O, konkret nümunə kimi “Aztera Residences and Mall” layihəsini göstərərək bildirib ki, təxminən bir ildir bu layihə üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AYNA, Bakı Metropoliteni və digər aidiyyəti qurumlarla əməkdaşlıq edilir. Əsas məqsəd həmin ərazi ilə bağlı şəhərin inkişaf prioritetlərini müəyyənləşdirmək və layihəni bu prioritetlərə uyğun formalaşdırmaqdır.
O vurğulayıb ki, bütün bu əməkdaşlıqlar şəhərin inkişaf hədəfləri ilə özəl sektorun layihələri arasında tarazlığın yaradılmasına, eləcə də dayanıqlı şəhərsalma prinsiplərinin təmin olunmasına xidmət edir.